Huquqaz.com

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur

24.04.2023
1.313
“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.”

Azərbaycan dünyada neftin tarixi vətənidir. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın səkkiz ölkəsini təmsil edən 13 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Təsadüfi deyil ki, bu saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı.Dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft yataqlarının birgə işlənməsindən əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı.2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir.Yeni neft strategiyası əsas məqsədinəölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadi inkişafına nail olmuşdur.Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.