Huquqaz.com

“Özəlləşdirmə çekləri tədavülə buraxılmalıdır” – Partiya sədrlərindən dəstək

22.04.2023
1.398
“Özəlləşdirmə çekləri tədavülə buraxılmalıdır” – Partiya sədrlərindən dəstək

Azərbaycanda özəlləşdirmə çekləri uzun müddətdir dövriyyədən çıxarılsa da, bu gün ölkədə internet üzərindən çeklərin alqı-satqı əməliyyatları həyata keçirilir. Bu isə çeklərini saxlayan vətəndaşların ümidini daha da artırır. Nəzərə almaq lazımdır ki, son dövrlər cəmiyyətdə özəlləşdirmə paylarının (çeklər) yenidən istifadəsi ilə bağlı müzakirələrə sıx rast gəlinir. Bu baxımdan əksər deputatlar və ictimai nüfuzlu şəxslər də özəlləşdirmə çekləri ilə bağlı müəyyən çağırışlar ediblər. Qeyd olunan çeklərin dövlət əmlakından bir hissə olduğunu nəzərə alsaq, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların məlum etirazı başadüşüləndir. Çünki özəlləşdirmə çeklərinin dövriyyəsi bərpa olunmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına qanunla miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Mövzu ilə bağlı Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli xeberaz.org-a açıqlamasında qeyd edib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlığın inkişafına müsbət təsir edə bilər. Bir şərtlə ki, əlavə çeklər buraxılmadan məhz vətəndaşların əllərində istifadəsiz qalan qiymətli kağızlardan istifadəyə imkan yaradılsın:

“Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasına ehtiyac var. Çünki tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunur və bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Bu baxımdan əlində çeki qalan şəxslərlə bağlı konkret addımların atılması vacibdir.Əks halda vətəndaşların hüquqları tapdanmaqda davam edir. Maraqlıdır ki, özəlləşdirmə çekləri hansı hüquqi-iqtisadi əsaslarla tədavüldən çıxarılıb? Vətəndaşların əlində qalan qiymətli kağızların özəlləşdirmə hərraclarından kənarda saxlanması hüquqi cəhətdən nə dərəcədə əsaslıdır? Vətəndaşlarımıza tövsiyəm budur ki, yaxın zamanlarda prezidentin özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması barədə fərmanı və yaxud Milli Məclisin hansısa qərarı olmayacaqsa, bu halda hüquqlarının bərpası üçün Konstitusiya Məhkəməsinə müraciət etsinlər”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev açıqlamasında qeyd edib ki, insanlarımıza qiymət verilməsə və onların haqqı qorunmasa, ölkə inkişaf edə bilməz:

“Əgər ölkəmizin iqtisadi cəhətdən daha yaxşı inkişaf etməsini istəyiriksə, bu halda ölkə vətəndaşlarının iqtisadi proseslərdə iştirakına imkan yaradılmalıdır. Bu fonda hesab edirəm ki, əlində çeki olan vətəndaşların vauçerlərdən istifadəsinə şərait yaradılmalıdır. Son illər bu problemin aktuallığı onu göstərir ki, vətəndaşlar hüquqlarının bərpasını tələb edirlər və bu, başadüşüləndir. Çünki zaman dəyişib və insanlar bu gün öz hüquqlarını daha yaxşı dərk edirlər. Çeklər paylanan dövrdə hakimiyyətin yuxarı dairələrində olan bəzi şəxslər inzibati metodlardan istifadə etməklə, özəlləşdirməni öz xeyirlərinə həll etdilər. Bu gün həmin sui-istifadə hallarının qarşısı alınmalıdır və hətta vətəndaşların haqqına göz tikən şəxslər cəzalandırılmalıdır”.

Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının vacibliyini və əhəmiyyətini vurğulayan Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynova görə, əhalidə çeklərə marağı yenidən artırmaq olar. Çünki həmin çeklər qanunla hələ də qüvvədədir:

“Əvvəlki və indiki dövrdə vauçerlərin ləğvi barədə heç bir rəsmi qanun qəbul edilməyib. Hazırda özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı hər hansı bir qanun və yaxud sərəncam, fərman mövcud deyil. Sadəcə olaraq özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini ifadə edə bilmədi. Əhalinin buna hazır olmaması, iqtisadiyyatda xırda və orta sahələrin özəlləşdirilməsinə başlanılan zaman vətəndaşların sosial-iqtisadi durumunun aşağı olması və məsələnin mahiyyəti barədə hökumət səviyyəsində lazımi izah və təbliğat işinin aparılmaması vətəndaşlar üçün faydalı bir prosesin nəticəsiz yekunlaşmasına gətirib çıxarıb. İndiki məqamda dövlətin müvafiq qurumları vauçerlərdən istifadəyə imkan yaradılması üçün addımlar atmalıdırlar. Bundna başqa, sözügedən problem parlamentdə də sıx şəkildə müzakirəyə çıxarılmalıdır”.

Şərhlər

Şərh yazılmayıb.