Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır
Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır
1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi ki, “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır – bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi – Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz buna heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!”. O, hər zaman deyirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır
Birinci Qarabağ müharibəsi zamanı cəsur, igid hərbiçilərimiz olsa da, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı. Ümummilli Liderin 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz türk əsgərinə bənzəməsini xüsusi ilə vurğulayaraq deyirdi: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur”.
Bu ideyanı Prezident İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də qeyd edir ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 2016-cı il Aprel döyüşləri Böyük və Tarixi Qələbənin başlanğıcı oldu. Qısa zamanda (dəqiqələr ərzində) mifə çevrilmiş Ohanyan səddi dağıdıldı, strateji yüksəkliklər azad edildi. 44 günlük Vətən müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı isə yeni reallığın əsasına çevrildi. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”. Rəşadətli Ordumuz Vətən torpaqlarını erməni işğalından azad etdi, şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün canını qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaq!
Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirirdi ki, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə, 44 gündə həyata keçirilmiş hərbi əməliyyatlar Ordumuzun qüdrəti ilə yanaşı, ölkəmizin də gücünü bütün dünyaya göstərdi.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Ulu öndər Heydər Əliyev: “Ordu xalqın bir hissəsidir
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Ulu öndər 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ordu quruculuğunda əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələnmişdir. Lakin hər zaman ən çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq özünün əbədiyaşar liderini yenidən hakimiyyətə gətirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir ağır şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır. Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. Ulu öndər Heydər Əliyev deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.” Ona görə də bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir. 44 günlük Vətən Müharibəsindəki qələbə, əyani şəkildə nümayiş etdirdi ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında mövqelərini daha da möhkəmləndirib. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi mərdliyi, qəhrəmanlığı ilə qazanıldı.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı
Müasir tarix təsdiq edir ki, Müstəqil Azərbaycan Respublikasının qurtuluş və inkişaf dövrü xalqın tarixində müstəsna rola malik olan və ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürmüş, bənzərsiz dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Danılmaz faktdır ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir.
Bu bir reallıqdır və hər bir dövlətin öz müstəqilliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır və Vətənini, torpağını müdafiə etməyə qadir, güclü silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.
Məhz bizim də müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur və bu gün bizim ordumuz Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qüvvəyə layiqli cavab verməyə hazırdır. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycanın güclü Silahlı Qüvvələri və qəhrəman Milli Ordusu var. Azərbaycanın dəyərli generalları, zabitləri və mətin, hazırlıq keçmiş əsgərləri var.
Tarixə nəzər salsaq görərik ki, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə ümummilli lider Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bilmişdir.
Hələ Çar Rusiyasının dövründə olduğu kimi, sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməyən Rusiya imperiyası çar dövründən fərqli olaraq azərbaycanlı gəncləri hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, SSRİ hərbi rəhbərliyinin ciddi maneələrinə baxmayaraq 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.
Nəhayət mürtəce sovet imperiyası çökdükdən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi və özünün milli ordusunu yaratmağa başladı. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Sözün əsil mənasında ordu quruculuğuna yalnız Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan edildikdən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tez bir zamanda hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Məhz, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu və həmin vaxtdan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz bu yüksək inkişafın nəticəsidir ki, nizami ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı yağı düşməndən təmizlədi və düşmən üzərində öz möhtəşəm qələbəsini təmin etdi.
Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusu ilə də diqqəti cəlb edir. Ötən dövr ərzində ordumuz mühüm inkişaf və təkmilləşmə dövrünü yaşayıb. Belə ki, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin daim gücləndirilməsi, döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması daim dövlətimizin əsas prioritetlərindən sayılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində son illərdə Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu olmaqla yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən birinə çevrilib.
Azərbaycan Ordusu öz gücünü 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında da göstərdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Bu gün qürurla qeyd edə bilərik ki, güclü orduya, peşəkar silahlı qüvvələrə malik olmağımız, eyni zamanda, güclü hərbi-sənaye kompleksimizin mövcudluğu Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Möhkəm, daimi sülh üçün, müstəqil dövlətin güclü ordusu olmalıdır
1969-cu il iyulun 14-də mənəvi yüksəlişin, sosial tərəqqinin, qüdrətli dövlətin əsası müəyyən olundu. Məhz həmin gün Azərbaycanda Heydər Əliyev dövrü başladı. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi rəhbərliyə başlayan Heydər Əliyev ilk gündən xalqına olan bağlılığını əyani surətdə göstərmişdir. Xalqın sosial-iqtisadi rifahının yüksəldilməsi, region ölkələri arasında siyasi sabitliyin təmin olunması, ölkənin hərtərəfli inkişafı üçün böyük həvəs və inadkarlıqla çalışmışdır.
Məhz Ulu Öndəri fərqləndirən başlca xüsusiyyət də, özünə və ətrafındakılara qarşı olan yüksək tələbkarlığı, reallığı əsas tutması, problemi dərindən mənimsəyərək, öz üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirməsi olmuşdur. “Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır” deyirdi Heydər Əliyev. Nəbzi Vətənin nəbzi ilə eyni vuran, Heydər Əliyev kimi bir liderə ehtiyacı var idi xalqın. Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri,bir neçə ay sonra isə, oktyabrn 3-də ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bəli, bununla da yeni siyasi eranın başlanğıcı qoyuldu.
2003-cü il Prezident seçkiləri zamanında,xalqa müraciətində Heydər Əliyev demişdir: ”Üzümü sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O,yüksək intellektli, praqmatik düşüncəli,müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki,həm İlham Əliyev,həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.İnanıram ki,mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Bu tarixi müraciətdən keçən iyirmi il müddətində, ölkənin sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələr Ulu Öndərin dahi lider,uzaqgörən şəxsiyyət olduğunun əyani sübutudur.
Günü-gündən inkişaf edən, güclü iqtisadiyyata, beynəlxalq-siyasi əlaqələrə malik olan dövlətimiz,gələcəyə böyük ümidlərlə və əminliklə irəliləyir.Əsası Ümummilli Liderin rəhbərliyi dövründə qoyulan Tarixi Zəfərə gedən yolda Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun qazandığı bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə xalqın əyilməz qürurunu özünə qaytardı.
Ordu quruculuğuna xüsusi diqqət göstərən Heydər Əliyev deyirdi: ”Möhkəm, daimi sülh üçün,müstəqil dövlətin güclü ordusu olmalıdır”. Bu il 100 illiyini qeyd edəcəyimiz Ulu Öndər ölkəmizdə müstəqilliyin əsas bazasını yaratdı və rəhbərliyə başladığı ilk dövrdən dövlətçiliyimizi xilas edərək ölkənin gələcək inkişafı istiqamətində nəhəng bir fəaliiyyət ortaya qoydu.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Hər bir müstəqil dövlətin güclü, qüdrətli ordusu olmalıdır
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Bu, dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması ulu öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır»,-deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Milli Ordu bütün xalqın övladıdır
Ulu öndər 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumundakı çıxışında ordu quruculuğu haqqında deyirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. Bəli, məhz ölkə daxilində 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında qanunsuz dövlət çevrilişi cəhdlərinin qarşısının alınması ulu öndər Heydər Əliyevin söylədiyi kimi: «Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir». Bəli, xalq-ordunun məqsədyönlü mövqeyi və fəaliyyəti bir daha sübut etdi ki, artıq Azərbaycan ordusu ayrı-ayrı siyasi qüvvələrin deyil, mənsub olduğu dövlətin və xalqın mənafeyini qoruyur, müdafiə edir. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci ili yanvarın 16-da “Müstəqil dövlətimizin milli ordusuna ümumxalq qayğısı və diqqətinin artırılması” mövzusunda keçirilən yığıncaqdakı nitqində dediyi “Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəd-dəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşı-nın borcudur” sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edilmişdi.
Bu gün 30 illik torpaq həsrətinə ulu öndər Heydər Əliyevin uğurlu ordu strategiyasının layiqli davamçısı Ali Baş Komandanımız, Prezident İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün bəhs etdi ki, “Qarabağ Azərbaycandır!” dedik
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusu üçün yeni inkişaf mərhələsi başladı. Bu uzaqgörən siyasət nəticəsində ordu ilə bərabər, dövlətimiz üçün də yeni bir eranın başlanğıcı oldu. II Qarabağ Müharibəsinin böyük zəfərinin təməl daşları da elə həmin dövrdə atıldı. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Ordusu zəfər salnaməsinin müjdəçisi idi.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir
Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən 19 ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Və məhz dünyanın ən güclü orduları sırasın da 50-ci yerdə olan Güclü, Qüdrətli ordumuz dünyaya Qalib ölkənin Qalib Ordusu olduğunu bir daha göstərdi. 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır!» şüarımıza 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu və bir daha göstərdi ki, Azərbaycan ordusu regionda ən güclü orduya malik ölkə statusuna malikdir. Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər Paradında Prezident, Ali Baş Komandan bununla bağlı demişdir: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 19 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Prezident İlham Əliyev: “Ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq”. Bəli, bu, bir real faktordur ki, güclü ordusu olan dövlət güclüdür. Və bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Və bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verdi. Fəxrlə deyə bilərik ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və Azərbaycanın ərazi bütövlüyünü təmin edərək Şuşanın alınması ilə dünya hərb tarixində öz üslubunu yaradıb.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində ulu öndər Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Yaxın keçmişə nəzər salaq. Ulu öndər Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi.
Orduya dövlət rəhbərliyi təmin edilməmişdi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Ən təəssüfləndirici hal o idi ki, dövlət və ordu bir-birindən ayrı düşmüşdü, ordu siyasi işlərə cəlb edilmişdi, orduya vahid komandanlıq təmin edilməmişdi.
Bu nöqsanların sayını artırmaq da olar. Başlıcası isə ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu da öz növbəsində ordunun varlığına əks təsir göstərirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir ağır şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.
Ulu öndər Heydər Əliyev bu sahədə demək oıar ki, bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yarandı. Bununla kifayətlənməyib ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı.
Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
Bütün bu irəliləyişlər Ulu Öndərdə rahatlıq yaratmadı, birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir.
Ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Şərh yazılmayıb.