Huquqaz.com

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

21.03.2023
1.601
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlamışdır.

Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident cənab İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi-Tükəz Lətifli

Şərhlər

Şərh yazılmayıb.