“7,5 milyon əhalisi olan Kataloniyaya azadlıq vermirlər, 25 min nəfərə muxtariyyət istəyirlər” – Deputat
“2 gündən sonra biz XX əsrin ən qanlı qətliamlarından biri olan Xocalı soyqırımının növbəti ildönümünü qeyd edəcəyik. Xocalı faciəsi Avropanın yaxın keçmişinin elə bir qanlı səhifəsidir ki, nə bu qitədə, nə də bütövlükdə dünyada özünün ədalətli qiymətini almayıb. Ancaq yüzlərlə əliyalın vətəndaşın, qoca, uşaq, qadınların vəhşicəsinə qətlinə göz yuman Avropada bəzilərinin ürəyindən keçir ki, Azərbaycan bu soyqırımını törətmiş və hələ də cəzasını almayan separatçıların yuvası üçün muxtariyyət, geniş hüquqlar versin”.
Qanunla.Az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu, onların reallaşmayacaq arzusu olaraq qalacaq. Bu istəyə ordumuz döyüş meydanında, cənab Prezident isə diplomatiya masasında cavab verib. Sadəcə olaraq görəsən, bu separatçılıq himayədarlarının nə vaxtsa bizim suallarımıza cavab verməyə cəsarətləri çatacaqmı?
“Məsələn, İspaniyanın ən varlı bölgəsi olan Kataloniyanın müstəqillik mübarizəsi bir neçə əsrdir davam edir. Sonuncu dəfə muxtariyyətləri 1714-cü ildə olub. Kataloniya əhalisi bütün İspaniya əhalisinin 16 faizini təşkil edir. 2019-cu ilin statistikasına görə, burada 7,5 milyon əhali yaşayır. Bögənin mərkəzi olan Barselonada isə 1 milyon yarımdan çox. Kataloniya İspaniya büdcəsinə geri aldığından çox vəsait ödəyir. 2017-ci ildə keçirilmiş referendumda səsverməyə gələn 43 faizin 90 faizi müstəqilliyə səs verib. Ancaq referendumun nəticələri nə İspaniya, nə də Avropa tərəfindən qəbul edilməyib. Sual olunur: nə səbəbdən İspaniya əhalisinin beşdəbirini təşkil edən Kataloniyanın müstəqillik istəyi rədd edilir, ancaq Qarabağda sayı 25-30 min olan separatçı ünsürlər üçün muxtariyyətin verilməsi naminə əldən-ayaqdan gedir, min cür oyunlardan çıxırlar? Bütün dünya bilir ki, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində car çəkildiyi kimi 120 min deyil, 25-30 min əhali yaşayır. Hətta həmin sülhməramlılar 40 min rəqəmini göstərirlər.
İspaniya misalını təsadüfən gətirmədim. Avropada erməni aşiqi olan ölkələrin demək olar əksəriyyətində oxşar problemlər var. Ermənistanın böyük bacısı olan Fransadan danışmağa ümumiyyətlə, dəyməz. Ekoloqlarımızın Laçın-Xankəndi yolunda dinc aksiyasını kölgə altına salmağa cəhd edən ispan həmkarlarımız var. Onlar bizə deyə bilərlərmi niyə Kataloniyaya azadlıq vermirlər? Niyə illər boyu azadlıq istəyən və sayları 2 milyon nəfərdən çox olan basklara müstəqillik verməkdən imtina edirlər?
Onların hamısı bilməlidirlər ki, biz ən zəif vaxtlarımızda belə bir qarış torpağımızdan imtian etməmişik və ərazi bütövlüyümüzü bərpa etmişik. Vaxtlarını belə arzulara sərf etməsinlər. Prezident cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında dediklərinə bir də qulaq assınlar: heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Biz isə bir xalq olaraq tariximizin Xocalı soyqırımı kimi qanlı səhifələrini unutmayacağıq. Unuda bilmərik”.
Şərh yazılmayıb.