Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır
“Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: “Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.
Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.
Həmçinin, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ümumiyyətlə, Türkiyənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanındadırlar.
30 il işğal altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun. Yaşanılan hər bir çətin anda bizə dəstək, dayaq olan Türkiyənin sonsuza qədər yanındayıq. Acınız acımız, dərdiniz dərdimizdir. Başın sağ olsun, Türkiyə!
Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.
Feyzullayev İlham
Saatlı rayonu Qara Nuru kənd ümumi orta məktəbin Tarix müəllimi
Şərh yazılmayıb.