Huquqaz.com

Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində böyük rola malikdir

19.01.2023
2.298
Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində böyük rola malikdir

Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində böyük rola malikdir

Azərbaycanda müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu xarici siyasət kursu həyata keçirilir. Ölkəmiz tərəfindən bir sıra dünya miqyaslı enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, xarici səfərlər və görüşlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin dünya miqyasındakı nüfuzu və gücü günbəgün artmaqdadır və Azərbaycan dünyada yüksək etibara malik tərəfdaş kimi tanınır.

Yanvar ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, səmərəli və məhsuldar olmaqla yanaşı ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhvə vermiş olacaq. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici siyasət kursunda Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər və bu münasibətlərin inkşafı xüsusi yer tutmuşdur. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr dinamik şəkildə inkşaf etmiş və hər iki ölkə daima beynəlxalq aləmdə bir-birini dəstəkləmişdir.

Səfər çərçivəsində ölkə başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki iştirak və çıxış etdi. Dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycanın və dövlət başçımızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən uğurlu  enerji siyasəti və enerji təhlükəsizliyi sahəsində əldə etdiyimiz nailiyyətlər haqqında ətraflı məlumat verdi. Daha sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə yüksək enerji potensialının mövcudluğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmaya toxunan Azərbaycan Prezidenti, gələcəkdə “Masdar” şirkəti ilə belə layihələrin davamlı şəkildə həyata keçiriləcəyini bildirdi. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri hər iki ölkə arasındakı əlaqələrin xüsusilə də enerji sahəsində münasibətlərin inkşafına böyük təkan verəcək”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Davos Forumundakı görüşlər Azərbaycana olan etimadı ildən-ilə artırır

Davos İqtisadi Forumu 50 ildən çoxdur keçirilir. Foruma dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırır.

Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər zamanı ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir.

Bu, həm də digər dünya ölkələri üçün Azərbaycanı daha yaxından tanımaları, ölkəmizin iqtisadi qüdrətinin inkişaf yollarını bilmələri üçün maraqlıdır. Prezident İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür. Artıq bir neçə görüş keçirilib. Bu şirkətlərin iqtisadi gücü hətta bir neçə ölkənin ümumi daxili məhsulundan artıqdır. Ona görə də bu Forum həm bizim üçün, həm də digər dövlətlər üçün yaranmış problemlərdən çıxış yollarının tapılması, bu yolda birlikdə addımların atılması baxımından önəmlidir.

Forum çərçivəsində keçirilən həm ikitərəfli görüşlər, həm də panel iclaslarından sonra Qərb, Şərq, eləcə də ərəb ölkələrinin Azərbaycana investisiyaları artır. Bu, ölkəmizin gələcək inkişafı, Azərbaycanın regionda, həmçinin beynəlxalq müstəvidə nüfuzunun daha da artması baxımından çox əhəmiyyətlidir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Davos Forumunun 53-cü iclası Azərbaycana baxış rakursunda köklü dəyişikliklərə yol açıb

Postpandemiya dövrü, faktiki III Dünya müharibəsi, siyasi, sosial-iqtisadi və demoqrafik böhranın dərinləşdiyi bir vaxtda artıq köhnə baxışlar, hətta ötənilki yanaşmaların belə effektiv olmadığı üçün yeni düzənin formalaşması zərurətdir. Bu mənada Davos ən yaxşı platformalardan biri kimi çıxış edir və qlobal güclər də anlayır ki, ortaq yol tapılmazsa dərinləşməkdə olan geosiyasi və geoiqtisadi parçalanma, təhlükəsizlik problemləri, iqlim və ərzaq böhranı nəzarətdən tam çıxaraq fəlakətə səbəb ola bilər.

Bu cür fors-major vəziyyətdə Dünya İqtisadi Forumunun 53-cü illik toplantısına fürsət kimi baxılması məntiqlidir və dəvətlilərin də məhz regional və qlobal müstəvidə həllqabiliyyətli və nüfuzlu liderlər olması şərtdir. Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Aydındır ki, Davos Forumu iqtisadi müstəvi hesab olunur, lakin o da sirr deyil ki, alınan qərarların nəticələri dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi formada inikas olunur. Hazırkı mürəkkəb geosiyasi şəraiti nəzərə aldıqda isə siyasi təsirlərin çəkisinin əvvəlkilərdən daha çox olacağı aydındır. Lakin əvvəlki alət və vasitələr, eyni zamanda, köhnə hədəflər artıq effektiv deyil. Bu gün tələb olunan əsas alətlər ən müasir innovasiyalar və alternativ bərpaolunan daimi mənbələr hesabına təmin edilən enerji təhlükəsizliyidir. Bu sahədə təbii ki, ixtisaslaşmış dünya nəhəngləri var. Lakin o da faktdır ki, Prezident İlham Əliyevin ardıcıl səylərinin davamı olaraq Azərbaycana artıq həmin müasir enerji tendensiyalarının elit klubunun yeni üzvü kimi baxılır. Faktiki olaraq Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli söz sahibi olması, alternativ mənbələr hesabına enerji istehsalçısı kimi sürətlə aparıcı mövqeyə yüksəlməsi 53-cü Forumda Azərbaycana baxış rakursunda da köklü dəyişikliklərə yol açıb. Prezident İlham Əliyev də praqmatik siyasətçi və təcrübəli iştirakçı kimi həm yeni tendensiyalardan qarşılıqlı faydalanaraq Azərbaycanda həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinə diqqət çəkmək, həm də Azərbaycan həqiqətlərini bəyan etmək üçün Davos Forumunun əhəmiyyət və imkanlarını düzgün qiymətləndirir.

Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Prezident İlham Əliyevin Davos təqviminin ilk günündə ifadə olunan tezislərinə diqqət etsək, Bakının artıq dünya ilə yeni tendensiyaların dilində danışmağı bacardığını görərik. Məsələn, dövlətimizin başçısı Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarının və sazişlərinin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etməklə Avropanın milli təhlükəsizliyində artan rola sahib olacağını bəyan edir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsidir

Davos İqtisadi Forumu dünyanın ən böyük və nüfuzlu forumlarından biri olaraq dünya liderlərinin toplandığı bir platformadır. Bu Forum əməkdaşlıq, müzakirələr, birgə layihələrin işlənməsi və investisiya cəlbi üçün olduqca uğurludur. Azərbaycan da qlobal və regional əhəmiyyətli bir sıra layihələrin sahibidir. Bizim beynəlxalq bir neçə layihələrimiz də var ki, bunlara “Bakı-Tbilisi-Ceyhan” neft kəməri enerji layihəsini, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələrini misal göstərmək olar. Bunların hər biri beynəlxalq baxımdan çox əhəmiyyətlidir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələri birləşdirərək nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Azərbaycan hazırda həm nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, həm də enerji layihələrinin genişləndirilməsi istiqamətində işləyir. Əsas prioritet isə investisiya fəaliyyəti istiqamətləridir. Burada beynəlxalq partnyorların daha yaxından iştirakı və cəlbi bir neçə baxımdan bizə faydalı ola bilər. Birincisi maliyyə resurslarının, ikincisi isə əlaqələrin və idarəetmənin cəlbidir. Azərbaycanın geniş təcrübəsi olsa da, beynəlxalq təşkilatların bu prosesdə bərabər iştirakı ölkəmizin marağındadır. Üçüncüsü, beynəlxalq təşkilatların cəlbi layihələrə qlobal əhəmiyyət verməklə onlara olan riski aşağı salır və yaxud daha çox ölkənin müdafiəsinə gətirib çıxarır. Dördüncüsü, bu cür layihələri həyata keçirməklə ölkəmiz dostluq əlaqələrini genişləndirir, digər ölkələrlə münasibətləri inkişaf etdirir ki, bu da ölkəyə əlavə faydalar gətirmiş olur. Beynəlxalq şirkətlər və təşkilatlar cəlb olunduqda hər hansı təchizat problemləri də aradan qalxmış olur ki, bu da ciddi layihələrin uğuruna gətirib çıxarır.

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Yaxın 3-4 ildə dəhlizin ötürücülük gücünün təqribən 7-8 milyard kubmetr artırılacağı gözlənilir. Yəni, Azərbaycanın birbaşa Avropaya qaz ixracı 30-32 milyard kubmetrə qədər artırılacaq. Bu da Avropa Komissiyası və Avropa ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq tələb edir.

Digər bir istiqamət ötən ilin dekabr ayında ortaya çıxan “yaşıl enerji” layihəsidir ki, bu sahədə beynəlxalq əməkdaşlıq olduqca əhəmiyyətlidir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və onların şirkətləri ilə bu sahədə yaxından iştirak edir. Azərbaycanın hazırda davam edən və bundan sonra da genişləndiriləcək “yaşıl enerji” layihələri var. Bu layihələr çərçivəsində elektrik enerjisinin ixracı məsələləri, eyni zamanda, “yaşıl enerji”nin istehsalının təşkili məsələləri, alternativ qaz kəmərləri ideyaları, transxəzər layihələri var ki, burada beynəlxalq təşkilatlarla əməkdaşlıq bizim diqqətimizdədir. Davos İqtisadi Forumu bu və daha bir çox baxımdan ölkəmiz üçün əhəmiyyətlidir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan Xəzər regionunun enerji ehtiyatlarının Avropaya nəqlində əsas həlqədir

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun işində yaxından iştirak etməsi Azərbaycanın yeni imkanlarının təqdimatı, investisiyaların cəlb olunması, ölkəmizin təşəbbüskarı olduğu layihələrə dəstək verilməsi baxımından böyük əhəmiyyət daşıyır. Davos Forumunda Azərbaycan Prezidentinin fəal iştirakı ölkəmizin irəli sürdüyü layihələrə investisiya və siyasi dəstəyi daha da gücləndirəcək, ölkəmizin beynəlxalq birlikdə mövqeyini daha da möhkəmləndirəcək.

Azərbaycan 1995-ci ildən başlayaraq Davos Dünya İqtisadi Forumunda iştirak edir. Geridə qalan 28 il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsi, Forumun ölkəmizin nailiyyətlərinin, üzləşdiyi çətinliklərin, strateji hədəflərinin beynəlxalq ictimaiyyətə təqdimatının əsas platformalarından birinə çevirib. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ötən il fevral ayında ölkəmizə səfər edib. Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, şəbəkənin Azərbaycan mərkəzi fəaliyyətə başlayıb. 2020-ci ildə Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasının əsas məruzəçisi olub. Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Həmçinin ölkəmiz bu hesabatda Cənubi Qafqaz regionunda birincidir.

Dövlətimizin başçısı Davos İqtisadi Forumunda Azərbaycan həqiqətlərinin bir daha səsləndirilməsinə nail olacaq. Xüsusən nəzərə almaq lazımdır ki, builki forum “Parçalanmış dünyada əməkdaşlıq” devizi ilə keçirilir və ölkəmiz regional və beynəlxalq əməkdaşlığı dəstəkləyən layihələri ilə tanınır. Azərbaycan həm Şərq və Qərb, həm də Şimal və Cənub arasında dəmir yolu nəqliyyatı şəbəkəsi qurmağı bacarıb, ölkəmiz Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Böyük İpək Yolunun bərpası ideyasına uyğun olaraq Azərbaycan bütün nəqliyyat infrastrukturunu, eləcə də avtomobil yollarını bu zəncirin aparıcı həlqəsinə çevirməyə səy göstərir. Yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdədir.

Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlığı yaxın perspektivdə daha da genişlənəcək və rəsmi Bakı köhnə qitənin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından birinə çevriləcək. Ölkəmiz Xəzər regionunun enerji ehtiyatlarının Avropaya nəqlində də əsas həlqədir və bütün bunlar Azərbaycanı Avropa üçün əhəmiyyətli tərəfdaşa, region ölkələri üçün isə əsas istinad nöqtəsinə çevirir. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi və regiondakı hərbi-strateji üstünlüyü də ölkəmizin strateji dəyərini artırır. Bu baxımdan Prezident İlham Əliyevin Forumun işində yaxından iştirak etməsi Azərbaycanın yeni imkanlarının təqdimatı, investisiyaların cəlb olunması, ölkəmizin təşəbbüskarı olduğu layihələrə dəstək verilməsi baxımından böyük əhəmiyyət daşıyır. Davos Forumunda dövlətimizin başçısının fəal iştirakı ölkəmizin irəli sürdüyü layihələrə investisiya və siyasi dəstəyi daha da gücləndirəcək, ölkəmizin beynəlxalq birlikdə mövqeyini daha da möhkəmləndirəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Dövlətimizin başçısı Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıbdır.

Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Dünya İqtisadi Forumu  16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilir. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN  televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fiukirlərini ifadə edib, ölkələr arasında əalqələri yüksək qiymətləndirib. Eyni zamanda, Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında  ölkəmizin də olduğunu xatırladıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Bütövlükdə isə builki Davos Forumu bir daha Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Qeyd edilməlidir ki, Builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.

Son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. beynəlxalq təsisatlar çərçivəsində iki dost ölkə arasında çox yaxşı əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər.

Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Şinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Ölkə başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Davos Forumu Azərbaycanın nüfuzunu və iqtisadi gücünü dünyaya nümayiş etdirdi

“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və onun 25 milyon tona qədər artırılması nəzərdə tutulub. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa edilib.

Azərbaycanda hazırda dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün ölkəmizəlavə sərmayə yatırır, yeni dəmir yolu xətləri çəkilir. Həyata keçirilən işlərin nəticəsidir ki, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilub. Avtomagistrallar və hava limanları kimi layihələrdə həyata keçirilir. Şimal-Qərb marşrutu üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.

Qeyd edilməlidir ki, tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Hazırda Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Ölkəmiz yeni-yeni belə layihələrin həyata keçirilməsində maraqlıdır və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib

Necə ki, bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi. Hazırda isə Prezident İlham Əliyev “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi, bir sıra layihələrin təməlinin qoyulması, açılışının edilməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin ilkin akkordlarıdır. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq.

Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməllərinin qoyulmasından sonra Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin də təməlini qoyub: “Sözsüz ki, bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.  Eyni zamanda, Güləbird Su Elektrik Stansiyasının açılışının baş tutması böyük rəmzi məna kəsb edir. Çünki işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən birinci elektrik stansiyasıdır və siyasi mesajı ondan ibarətdir ki, biz tarixi torpaqlarımıza əbədi olaraq qayıdırıq. Həmçinin, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsi icra olunacaq, bütövlükdə azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Bütün bunlarla yanaşı, xüsusilə də hazırkı pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”.

Reallaşdırılan sosial layihələrlə bərabər iqtisadi proyektlərin də həyata keçirilməsi bölgənin perspektivi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Təkcə inşa edilən dəmir yolu infrastrukturu Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə, Türkiyəni Rusiyaya, ümumilikdə Qərblə Şərqi birləşdirəcək, böyük dividentlər gətirəcək. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər ki, bu da yalnız Azərbaycan ərazisindən keçə bilər. Eləcə də Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. Bütün bunlar isə Azərbaycanı mühüm ticarət-tranzit mərkəzinə çevirəcək ki, nəticədə də ölkəmizin sürətli inkişafına, xalqımızın rifahının daha da yüksəlməsinə səbəb olacaqdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan ekoloji təmiz enerji ixracatçısına çevrilməkdədir

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyada yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan beynəlxalq bazarda çox əlverişli mövqeyə sahib oldu. İndi Azərbaycanın siyasi və iqtisadi tərəfdaşları, strateji müttəfiqləri artmaqda, nüfuzlu təşkilatlarda sözü eşidilməkdədir. Bu gün Azərbaycan beynəlxalq tərəfdaşlıqda sərhəd tanımır. Dövlətimiz milli maraqların qorunması çərçivəsində yüksəksəviyyəli və geniştərkibli münasibətlər qurub. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və ölkəmiz etibarlı tərəfdaşa çevrilir. Azərbaycan dövlətinin düşünülmüş şəkildə yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artır.

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu dövlətlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Xankəndi-Laçın yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.

Yanvarın 16-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi  keçirilir. Qlobal problemlərin yalnız inklüziv iştirak yolu ilə həll oluna biləcəyinə dair möhkəm inam əsasında qurulan bu platforma davamlı inkişafı təmin edəcək iqlim fəaliyyəti və innovasiyaları müzakirə etmək üçün dövlət başçıları, siyasətçiləri, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri bir araya gətirir. Bu cür mötəbər tədbirə cənab prezident İlham Əliyevin dəvət olunması da münasibətlərin inkişafından və ölkəmizə, dövlətimizin başçısına ehtiramın  bir nümunəsidir.

Tədbirdə çıxış edən cənab İlham Əliyev qeyd etmişdir ki: “Biz Azərbaycanda bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpa olunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində roluna toxunan cənab Prezident qeyd etmişdir ki, bu gün Azərbaycan həm özünü enerji ilə təmin edir, həm də bir çox ölkələrə enerji ixrac edir. Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.

 

 Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.