Dövlət Proqramının əhatə dairəsi
Dövlət Proqramının əhatə dairəsi
Prezident cənab İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.Ən əsası isə Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla gedir. Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident cənab İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan bəllidir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.
Bu Proqramaın özəlliyindən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqinin nəzərdə tutulmasıdır. Zəngilanın Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Və bu qədəmlər çox uğurla atılmış oldu. Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər. Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.Qarabağın toy-büsatlı, çal çağırlı günləri qarşıdadır. Bu cənnət məkan düşmən tapdağından azad olunduqdan sonra özünün ikinci həyatını yaşayır.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini
Şərh yazılmayıb.