Huquqaz.com

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir

12.11.2024
2.388
Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir.

8 Noyabr – Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Xalqımızın qürur günü olan Zəfər günü, Prezident İlham Əliyevin 2020-ci ildə verdiyi sərəncamla qeyd olunur. Bu tarixi gün 44 günlük Vətən müharibəsində Ermənistanın işğalına son qoyan, Azərbaycanın suverenliyini bərpa edən və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin edən mübarizənin rəmzinə çevrilib.

44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.

 Zərdab rayon Mərkəzləşmiş Kitabxana Sisteminin  direktoru-Nailə Əliyeva

 

 

Bu Qələbə bizimlə əbədi olacaq

Bir neçə gündür ki, xalqımız böyük bayramların sevinci ilə yaşayır. Necə deyərlər, ölkəmizdə bayram-bayrama, şənlik-şənliyə, sevinc-sevincə qarışıb. 8 Noyabr Zəfər Günü, elə həmin gün Bakının mərkəzində Zəfər Parkının açılışı və Prezident İlham Əliyevin öz ailə üzvləri ilə həmin tədbirdə iştirakı və xalqa müraciəti, ertəsi gün milli qürurumuz olan Bayraq Gününün təntənəli qeyd edilməsi. Həmin gün də Prezident cənab İlham Əliyev öz ailə üzvləri ilə bərabər Bayraq meydanında olub və dövlətimizin başçısı Azərbaycanın üçrəngli Bayrağınlı ucaldıb. Bütün bu uğurları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuzun qüdrəti sayəsində qazandıq. Azərbaycan Prezidenti İlham Əliyev Zəfər parkının açılışında Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyduqdan sonra xalqa müraciət etdi. Dövlətimizin başçısının bu müraciəti son 4 ildə görülən işlərin hesabatı kimi də xarakterizə oluna bilər. Zəfər bayramı münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan bildirdi ki, bu Qələbə heç də asanlıqla başa gəlməyib. Bu şanlı tarixi Azərbaycan xalqı öz qanı və gücü ilə yazıb, bu yolda minlərlə igid övladını qurban verib. Bu yolda şəhadətə yüksəlmiş şəhidlərimizə Allahdan rəhmət diləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bundan sonra da xalq, millət olaraq öz gücümüzə inamla, Vətənə sədaqət andımıza sadiq qalaraq mübarizəmizi davam etdirəcəyik.

Vətən müharibəsinin 44 gününü özündə simvolizə edən, tariximizin qızıl səhifəsinə çevrilən 44 tağlı Zəfər parkının yaradılması xalqımızın və dövlətimizin gələcəyi olan gənc nəslin milli ruhda, vətənpərvərlik ideyaları əsasında yetişməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsində Azərbaycan gəncliyinin xalqa, Vətənə, dövlətə sevgisini, mübarizə əzmini, cəsarətini, şücaətini gördük. Bu, bizdə böyük qürur hissi yaratdı. “Prezident İlham Əliyevin açılış nitqinin sonunda söylədiyi “Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır” fikri Azərbaycan xalqı üçün gələcəyə baxış strategiyasıdır, onu nurlu sabahlara aparan lokomotivdir”.

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru-Dayangül Vəliyeva

Şərhlər

Şərh yazılmayıb.