Huquqaz.com

İşğalın fəsadları

01.12.2022
1.646
İşğalın fəsadları

İşğalın fəsadları.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib. Ermənistan Qarabağ bölgəsində ekologiyanı məhv etməklə bərabər, yeraltı və yerüstü sərvətlərimizi də talayıb. Kəlbəcər rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən qablaşdırılıb, üzərində Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılıb.

İşğal dövründə Azərbaycan dəfələrlə Ermənistanın əməlləri haqqında beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırsa da, həmişəki kimi Ermənistana yetərli təzyiq olmayıb. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qaldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü mövcud olub. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. Təbii sərvətlərlə zəngin Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

“İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub”.  Vurğulamaq yerinə düşər ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra oradakı ekoloji vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilən monitorinqlərin nəticələrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 31 beynəlxalq təşkilata müraciət göndərilib. Ermənistanın silahlı təcavüzü, işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekoloji ziyan dəyib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilib, hesabatı aparıldıqdan sonra Ermənistanın vurduğu ziyanla əlaqədar kompensasiyaya cəlb ediləcəyinə ümidvarıq.

 

Hüseyn Eynullayev  Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 

Şərhlər

Şərh yazılmayıb.