Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək
Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək
Azərbaycan Respublikasının 2-ci Qarabağ müharibəsində zəfər qazanması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi.
6 oktyabr tarixində Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü xüsusi əhəmiyyət daşıyırdı. Təbii ki, bu görüş mühüm sənədlərin imzalanması ilə tarixə düşdü. Digər tərəfdən görüşü Azərbaycanın Avropa İttifaqı ilə bir sıra istiqamətlərdə fəal əməkdaşlığı baxımından dəyərləndirmək olar. Bu əməkdaşlığa ilk növbədə enerji sahəsini misal göstərə bilərik. Deyə bilərik ki, Praqa görüşündə Azərbaycan istəyinə nail olub. Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub. Sənəddə BMT Nizamnaməsi asas götürülüb. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib. Nəhayət ki, bu məqsədə də nail olunub. Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazanmasını tam əminliklə söyləyə bilərik.
Paşinyan Praqada Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri qəbul etdiyini, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bildirsə də, bəzi məsələlərlə bağlı yenə də susqunluq sərgilədi. Bunlardan biri Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi məsələsi ilə bağlı oldu. Cənab Prezident mediaya açıqlamasında qeyd etdi ki, Ermənistanın baş nazirinə avtomobil yolu üçün marşrutun verilməsi ilə bağlı müraciət etsə də, Paşinyan bu məsələni cavablandırmayıb. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda bütün kommunukasiyaların açılmasında maraqlıdır və xüsusilə də Naxçıvana dəmir yolu və avtomobil yolunun açılmasını vacib sayır. Ancaq göründüyü kimi, Ermənistan tərəfi Praqa görüşündə də bu məsələyə aydınlıq gətirmədi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Şərh yazılmayıb.