Huquqaz.com

Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində önəmli rol oynayır

05.09.2022
2.531
Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində önəmli rol oynayır

Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən İtaliya arasında müstəqillik illərində bir çox sahələrdə, həmçinin neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu uğurla həyata keçirilib. Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, bu barədə ətraflı danışıb.

Ölkə rəhbəri Azərbaycanın enerji təhlükəsizliyi strategiyasından bəhs edərkən, bu sahədəki fəaliyyəti mərhələlər üzrə səciyyələndirib. Dövlətimizin başçısı 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb. “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”, – deyə ölkə rəhbəri bildirib.

Azərbaycanın enerji təhlükəsizliyi strategiyasının tarixinə ekskurs etsək, ilk olaraq, deyə bilərik ki, ötən əsrin sonunda Azərbaycanda mühüm bir hadisə baş verdi, respublikamızdan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin işə salınması gerçəkləşdi. Bununla da Azərbaycan ixrac fəaliyyətinə başladı və bir sıra ölkələrin tələbatlarını ödədi.

Prezident İlham Əliyev forumdakı çıxışında respublikamızın enerji strategiyası ilə bağlı bütün bu məqamlara nəzər salmaqla bərabər, hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını da konkret göstəricilərlə xarakterizə edib. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə çatdıraraq, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb.

Həmin vaxtdan etibarən Bakı–Tbilisi–Ceyhan, ümumiyyətlə, Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu layihələrin çox mürəkkəb siyasi mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir.

Dövlətimizin başçısının hər zaman vurğulandığı kimi, Cənub Qaz Dəhlizi fəxr edə, fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradan önəmli strukturdur.

Prezident İlham Əliyev forumda Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sisteminin– Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. “Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür…”, – deyə dövlətimizin başçısı qeyd edib.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərhlər

Şərh yazılmayıb.