Huquqaz.com

Şuşa Zəfərinə gedən yol

12.11.2024
2.402
Şuşa Zəfərinə gedən yol

Şuşa Zəfərinə gedən yol.

Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və strateji baxışı ilə qoyulmuşdu. 1993-cü ildə – Azərbaycan üçün mürəkkəb olan bir dövrdə xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə qayıtdı və dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə Azərbaycan güclü bir dövlətin əsaslarını qurdu, ordunun formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Bu işləri Prezident İlham Əliyev uğurla davam etdirdi və daha da gücləndirdi. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü, güclü hərbi potensial yaradıldı. Torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs bir missiyanın yerinə yetirilməsində son 20-30 ildə yetişən vətənpərvər gənc nəslin fədakarlığı, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi və görünməmiş milli həmrəylik nümayiş etdirməsi mühüm rol oynadı. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin hər günündə bir addım da geri çəkilmədən yalnız irəli getdi, hər gün yeni bir qələbə qazanmaqla şanlı bir tarix yazdı. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı. İkinci Qarabağ müharibəsinin hər günü, hər anı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və əsl qəhrəmanlıq dastanına çevrildi. Hər gün yeni bir kəndin, yeni bir şəhərin azad edilməsi xəbəri xalqın ruhunu yüksəltdi və ordunun əzmini daha da möhkəmləndirdi. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi cəsarət və döyüş ruhu misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Əsgərlərimiz əlverişsiz şəraitə baxmayaraq, dağlıq ərazilərdə düşmənlə üz-üzə gəlib, əzmkarlıqla irəlilədilər və bu tarixi şəhəri işğaldan azad etdilər. Bu zəfər dastanı həm bugünkü, həm də gələcək nəsillərə qəhrəmanlıq, milli qürur və vətənə sevginin əbədi simvolu kimi yadigar qalacaq. “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” – bu sözlər 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qürur və sevinc hissi ilə səsləndirildi və bütün Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin simvolu oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Azərbaycan İkinci Qarabağ müharibəsində qətiyyətli zəfərini rəsmi olaraq təsbit etdi və 30 ilə yaxın davam edən işğala son qoydu. Bununla belə bəzi xarici müşahidəçilər və tərəflər düşünürdülər ki, Azərbaycan yalnız Şuşanın azad edilməsi və əldə olunan mövcud status-kvo ilə kifayətlənəcək və növbəti addımlar atmağa ehtiyat edəcək. Lakin Azərbaycan dövləti və xalqı öz qətiyyətini və ərazi bütövlüyünü tam bərpa etmək əzmini açıq şəkildə nümayiş etdirdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri, Azərbaycanın qətiyyətli addımlarının və Qarabağdakı separatçı qüvvələrin zərərsizləşdirilməsinə yönəlmiş strategiyasının bir parçası idi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl 44 günlük müharibədə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycanın qətiyyətli mövqeyi və güclü ordusu nəticəsində regionda davamlı sabitliyə və əmin-amanlığa nail olmaq istiqamətində böyük bir addım atıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edildi. Bu tarix İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm rəmzi olan Şuşa şəhərinin azad olunduğu gündür. 8 Noyabr artıq hər il Şuşanın mədəni, tarixi və strateji əhəmiyyətini vurğulamaq və Azərbaycanın qələbəsini anmaq məqsədilə təntənəli şəkildə qeyd olunur. Şuşa dostluq, qardaşlıq, həmrəylik, tolerantlıq şəhəridir, milli xəzinədir. Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi tarixi-mədəni, ictimai-siyasi mərkəz kimi mötəbərliyinin göstəricisi, xüsusi ehtiramın ifadəsi və həmrəyliyin rəmzidir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı  Ehtiram Osmanov

 

 

 Düşmənin başını əzən, birliyimizin rəmzi olan dəmir yumruq

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Şanlı Ordumuzun ətrafında “dəmir yumruq” kimi birləşərək, dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.