Huquqaz.com

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir

12.11.2024
2.462
Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu. Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi. Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. 2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün – noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu möhtəşəm Zəfər, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi, bu yerlərə yenidən həyat qayıtmağa başladı.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

 

 

Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi.

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən müjdəni verdi və bu, əslində, müharibənin taleyinin həll olunması demək idi. Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər, qəsəbə və kəndimizi işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olundu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər Azərbaycan Silahlı Qüvvələrinin – bütün xalqımızın Zəfəri idi.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

Şərhlər

Şərh yazılmayıb.