Huquqaz.com

Kapitulyasiya aktı

12.11.2024
2.483
Kapitulyasiya aktı

Kapitulyasiya aktı.

10 noyabr 2020-ci il  tarixi hər birimizə tanışdır. Bəli, düz dörd il əvvəl imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu.  Bu sənədin imzalanmasını şərtləndirən amillər hamımıza məlum idi. Bu bəyanat Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.  Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  tariximizin ən şanlı səhifəsini yazan Azərbaycan ordusu  dünyanın aparıcı dövlətlərinin, nüfuzlu təşkilatlarının 28 ildə edə bilmədiklərini 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən Azərbaycan ərazi bütövlüyünü  bərpa etdi, işğala son qoydu.  8 noyabr 2020-ci ildə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi  Şuşamızın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını  imzalamağa məcbur oldu. Döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü Ermənistana və ona havadarlıq edən dövlətlərə aydın idi. 9 bənddən ibarət üçtərəfli razılaşmanın imzalanması Azərbaycanın tarixi Qələbəsi oldu.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru-Məkkə Həmidova

 

 

Milli birliyimizin zirvəsi

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən dörd il ötür. 2020-ci ilin 8 noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.  Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, nəticədə Ermənistanın Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmalı oldu.

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diktə etməyə nail oldu.

Siyasi arenada Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqressiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi. 10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov

Şərhlər

Şərh yazılmayıb.