Huquqaz.com

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir

28.10.2024
2.109
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.

Oktyabrın 24-də Rusiya Federasiyasının Tatarıstan Respubliklasının Kazan şəhərində keçirilən BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. Bu təşkilat 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu qurum qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir və siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Qurum geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edib. Azərbaycan dövləti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət edib. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycanın Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalaması, ölkəmizin Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Azərbaycanın BRICS-ə üzv olması onun iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Hal-hazırda Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi BRICS ölkələrinə yönəlib və bu, gələcəkdə daha da artacaq. Ekpertlərin fikrincə, Azərbaycanın bu təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri yalnız enerji sektoru ilə məhdudlaşmayacaq, eyni zamanda kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat və infrastruktur layihələrini də əhatə edəcəkdir. Bu isə Azərbaycana ixracını şaxələndirmək və dünya iqtisadiyyatında daha aktiv rol almaq imkanı yaradır. Siyasi şərhçi Elçin Alıoğluya görə, BRICS platformasında Azərbaycanın oynaya biləcəyi rol yalnız iqtisadiyyatla məhdudlaşmır. Cənubi Qafqazdakı sabitlik və təhlükəsizlik məsələləri BRICS ölkələri üçün getdikcə daha aktual olur. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və ətraf rayonları yeni iqtisadi imkanlar yaratmaq potensialına malikdir. Bölgədə həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri BRICS üzvləri üçün böyük investisiya imkanları yaradır. Qarabağın iqtisadi inkişafı həm Azərbaycanın daxili inkişafına, həm də regional sabitliyə xidmət edəcək. Bu kontekstdə Azərbaycan BRICS ölkələri ilə birgə layihələr reallaşdırmaq üçün unikal mövqeyə sahibdir. Qarabağın iqtisadi inkişafı və orada həyata keçiriləcək layihələr yalnız Azərbaycanın deyil,BRICS-ə üzv olmaq istəyən digər ölkələrin də maraq dairəsindədir. Azərbaycan artıq Rusiya, Türkiyə, Çin və digər BRICS üzvü ölkələrlə sıx iqtisadi və siyasi əlaqələrə malikdir və bu əlaqələrin daha da genişlənməsi Azərbaycanın regional və qlobal güc mərkəzi kimi çıxış etməsinə imkan verəcək. Əsas məsələlərdən biri BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir.  Belə  ki,  Rusiya,  Hindistan  və  İranın  marağında  olan  Beynəlxalq

Şimal-Cənub Nəqliyyat Dəhlizi, eyni zamanda, Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 

 

Logistika mərkəzi.

Dövlətimizin başçısı cənab İlham Əliyev, Kazan şəhərində keçirilən XVI BRICS Sammitində çıxışı zamanı dövlətmizin mövqeyni bir daha təsdiqlədi. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində əldə etdiyi uğurlar və bu sahədəki qlobal əməkdaşlıq arzusu da Sammitdə xüsusi olaraq diqqətə çatdırdı. Prezident cənab İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycanın xarici siyasəti müstəqil, balanslı və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu siyasət hər hansı bir dövlətə qarşı təhdid yaratmamaq və qarşılıqlı hörmətə dayanan münasibətlər qurmaq məqsədi daşıyır. Azərbaycan ədalətsiz yanaşmalara qarşı sərt mövqedə dayanaraq beynəlxalq hüququn və suverenliyin qorunmasını ön planda saxlayır. Bu yanaşma Azərbaycanın dünya səhnəsində nüfuzunu artırır və onu ləyaqətli, qürurlu bir dövlət olaraq tanıdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsində əldə olunan Qələbə isə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən daha geniş miqyasda tanınmasına və nüfuzunun yüksəlməsinə təkan verib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik və xalqla iqtidar arasındakı möhkəm birlik Azərbaycanın xarici siyasətini dəstəkləyən əsas amillərdəndir. Bu dörd dayağın üzərində qurulan xarici siyasət strategiyası ölkəmizin həm regional, həm də beynəlxalq platformalarda uğurlar qazanmasını təmin edir. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Belə bir siyasət Azərbaycanın dost ölkələrlə tərəfdaşlıq əlaqələrini dərinləşdirərkən münaqişələrin həllində və regional təhlükəsizlikdə də əhəmiyyətli rol oynamaqdadır. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini dəstəklədiyini qeyd edərək, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi zamanı bu prinsipləri ardıcıl şəkildə həyata keçirdiyini vurğuladı. Bildirdi ki, bu müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatının institutlaşma prosesinə əhəmiyyətli töhfələr vermiş və təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Hərəkat dünya səviyyəsində güc mərkəzi kimi tanınmağa başlamış və ölkəmizin beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmişdir. Həmçinin Hərəkat üzvlərinin hüquqlarını müdafiə edərək, “Bandunq prinsipləri” çərçivəsində təşkilatın daimi və institusional inkişafını təmin etməklə diqqətə layiq nümunə göstərmişdir. Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və daimi katibliyinin Bakıda yerləşdirilməsi Azərbaycanın təşkilata verdiyi dəstəyin bariz göstəricisidir. Prezident cənab İlham Əliyev BRICS Sammitində çıxışı zamanı Azərbaycanın Zəngəzur dəhlizinin açılması və işğaldan azad edilmiş ərazilərdə beynəlxalq nəqliyyat infrastrukturu yaradılması istiqamətində gördüyü işlərdən də bəhs etdi. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının isə yaxın gələcəkdə açılması Azərbaycanın nəqliyyat potensialını daha da artırmağa yönəlmiş əhəmiyyətli addımlardır. Bu hava limanlarının beynəlxalq statusa malik olması Azərbaycanın regionda və qlobal miqyasda nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Azərbaycanın nəqliyyat infrastrukturunun genişləndirilməsi işğaldan azad olunan ərazilərin iqtisadi inteqrasiyasını təmin edərək bu bölgələrdə iş yerləri yaratmağa və regionun iqtisadi cəhətdən inkişafına dəstək göstərməyə yönəlmişdir. Ölkəmizin beynəlxalq səviyyədə tanınan tranzit dəhlizi olaraq qəbul edilməsi Azərbaycanın strateji əhəmiyyətini və iqtisadi gücünü bir daha təsdiqləyir.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

Şərhlər

Şərh yazılmayıb.