LİDERİMİZ XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA BİR DAHA MÜHÜM MESAJLAR VERDİ
LİDERİMİZ XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA BİR DAHA MÜHÜM MESAJLAR VERDİ
Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 19-da Ağdama, Şuşaya, Xankəndinə səfəri və görülən işlərlə tanışlığı, təməlqoyma mərasimlərində iştirakı buranın gələcək gözəl həyatına söykənir. Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tarixdə yer aldı. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz müasir dünyanın ahəngində qurulur, yeni həyat, nəfəs verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş əzəli torpaqlarımız tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan BÜTÖV və SUVERƏN AZƏRBAYCAN tarixin dönəmində inkişaf yolu keçmiş qeyd etdiyimiz məkanlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb. Bu gün Xankəndidə yeni dövr başlayıb. Dövlət başçısı səfəri zamanı Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. Ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları – “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək. “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq. Sentyabrın 19-da Azərbaycan Prezidenti Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.Bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.Dövlətimizin başçısı Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub. Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir.Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı burada aparılan irimiqyaslı layihələrin davamlı xarakter aldığına söykənir.
Bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev
Şərh yazılmayıb.