Huquqaz.com

Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı

18.09.2024
2.175
Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı

Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənsitanın işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi.
2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.
Azərbaycanın qalibiyyətinin əsas səbəbi onun qüdrətli dövlət başçısına sahib olmasıdır. Azərbaycanda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.
Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti 2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlandı. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Artıq Ermənistan anladı ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Separatizmə son

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. İstər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi. Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
2023-cü ilin sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatında Azərbaycan Ordusu peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə tamamilə xitam verildi. Beləliklə, Azərbaycan tarixi ədaləti yenidən bərpa etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Peşəkar Ordu

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi .
Bu gün Ali Baş Komandan cənab İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
Məhz bunun məntiqi nəticəsidir ki, cəmi 44 günə Ermənistan ordusunu darmadağın etdik. Ardınca isə sadəcə 23 saata lokal antiterror tədbirləri ilə Qarabağdakı separatizmin kökünü kəsdik. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.
Bu gün Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyası özünü ən yüksək səviyyədə göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük zəfərlər qazanır. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi. Ermənistan öz öhdəliyinin bir hissəsini yerinə yetirdi – Ağdam, Laçın və Kəlbəcərdən qoşunlarını çıxardı. Ancaq Bəyanatın əsas hissəsini – Azərbaycan ərazisindən qoşunlarının tamamilə çıxarılması öhdəliyini yerinə yetirmədi.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Keçirilən tədbirlər zamanı Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır.
Bu antiterror tədbirlərində Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir. Bununla bağlı eyniməzmunlu müraciətlər olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacib məsələdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Müraciətlərdə beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilmişdir. Bir sözlə, Azərbaycan mövqeyində və tələbində hər zaman haqlı idi. Azərbaycanın qanunlarının aliliyi təmin olunmalı idi. 44 günlük Vətən müharibəsində olduğu kimi bu antiterror tədbirlərində də bütün xalq Cənab Prezident İlham Əliyevin ölkəmizin gələcəyi naminə hesablanmış doğru və qətiyyətli mövqeyini dəstəklədi, qəhrəman ordumuzun fəaliyyətini alqışladı. Nəticədə qələbə bizim oldu.
Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.