Huquqaz.com

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildi

10.09.2024
2.799
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildi

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildi

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas  istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə  münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir. Bu gün Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildir. Təəssüflər olsun ki, dünyanın bəzi aparıcı dövlətlərinin bugünədək yaxa qurtara bilmədikləri ikili standartlara əsaslanan siyasəti bir çox hallarda etimadın qorunmasına, inama kölgə salır, müəyyən mənada narazılıqların yaranmasını şərtləndirir. Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən ikitərəfli əməkdaşlıqda və beynəlxalq təşkilatlarda qazandığı uğurlarla yanaşı,  prioritet məsələ olan  və artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə yanaşmaya diqqət yetirməyə bir zərurət duyulur. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi  yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və  postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Ermənistanın 30 il davam edən işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da  bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında tarixi Zəfəri qazanmasında informasiya mübarizəsində üstünlüyü əhəmiyyətli rol oynadı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan bu gün  qaz, elektrik enerjisi ixracatçısıdır.

Qlobal dünyanın əsas çağırışları sırasında olan enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu daim xüsusi qeyd edilir. Ölkəmizin  malik olduğu enerji resurslarından səmərəli itifadə etməsi, gündəmə gətirdiyi və uğurlu sonluqla  başa çatdırdığı enerji layihələri dünyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlılığını təmin edir.  Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün  qaz, elektrik enerjisi ixracatçısıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən mühüm uğurlar qazandırır. Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığa böyük önəm verməsi ilə diqqətdəir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bunun bariz nümunəsidir.
Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın həm Avropa İttifaqı, həm də bu quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, dövlət başçısı İlham Əliyevin  Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin İtaliyadan öncə Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərləri çərçivəsində əlaqələrimizin dünəninə baxış əsasında perspektivlər müzakirə edilmiş, əlaqələrin yeni istiqamətləri müəyyənləşdirilmişdir.  Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin 9-u ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Dövlətimizin başçısı İlham Əliyev sözügedən Anlaşma Memorandumunu   gələcək fəaliyyətimizin yol xəritəsi adlandırıb.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycana xüsusi maraq göstərilir

Keçirilən hər bir tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Hər zaman bu mühüm məqam xüsusi diqqət çəkir ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycana xüsusi maraq göstərilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. “The European House – Ambrosetti” beyin mərkəzi, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Cənab İlham Əliyevin belə bir yüksək statusun daşıyıcısı olan Forumda dərin məzmunlu çıxışı, tədbir çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və hazırda xarici ölkələrin mətbuatında geniş təhlil edilir. Cənab İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində də  Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında iştirak edərək ünvanlanan suallar əsasında  Azərbaycanın uğurlu enerji siyasətindən, əldə edilən göstəricilərdən, ölkəmizin artan beynəlxalq nüfuzundan geniş bəhs etmişdi.
Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında,  Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.