Huquqaz.com

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

03.05.2024
2.740
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Mayın 1-də Bakı Konqres Mərkəzində baş tutan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qısa tarixçəsinə nəzər salsaq görərik ki, XXI əsrin bəlasına çevrilən ksenofobiya, irqçilik və islamofobiya kimi məsələlərin həlli istiqamətində Azərbaycan səylərini durmadan artırır. Məlumdur ki, 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə baş tutmuşdur. Elə həmin ilin 27 may tarixində Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilib. Forumda ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may – Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilən layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında müzakirələr aparılıb.

Şərq ilə Qərb arasında körpü olan ölkəmiz bəşər tarixi boyunca müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin birgə yaşadığı məskən olmuşdur. Coğrafi mövqeyin şərait yaratdığı bu çərçivədə Azərbaycan əhalisinin polietnikliyi kimi amillər bugün və gələcəkdə də özünü göstərəcək. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda bütpərəstlik, zərdüştiliklə bərabər, yəhudilik, xristianlıq və islam kimi səmavi dinlərin nümayəndələri yanaşı yaşamışlar. Danılmaz faktdır ki, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcılarının ümid yeri olmuşdur. Bütün bunların əsasında, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olmuş, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir. Məhz bu səbəbdən müasir dövrümüzdə Azərbaycana olan inam və etibar durmadan artır. Digər dövlətlərin və xalqların nümayəndələrinin məhz paytaxt Bakını səmərəli dialoq üçün uyğun görməsi deyilənləri bir daha təsdiq edir. Bununla yanaşı, Prezident cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu çərçivədə Dövlət tərəfindən dini icmalara maliyyə vəsaiti ayrıldı. Qeyd edək ki, bu addım dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaratdı. Məlumdur ki, Azərbaycan xalqı tarix boyu bəşəri cinayətlərə məruz qalmış, müxtəlif dövrlərdə əraziləri işğal olunmuşdur. Xüsusilə 30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizimi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd bu özbaşınalığına bəzi güc mərkəzləri göz yumublar. Bu müddət ərzində ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 68 dini abidənin, demək olar ki, hamısını dağıdıb və yaxud təhqirlərə məruz qoyublar. Məhz digər xalqların bu cür bəlalara dücar olmaması üçün ümid işığı olan Azərbaycan daim mədəniyyətlərarası dialoqu möhkəmləndirməyə xüsusi önəm verir. Yeri gəlmişkən qeyd edək ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri olub.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.