3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır

3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır.
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Qələbəmizin, sülhün rəmzidir. Bu şəhərin azad olunması ilə İkinci Qarabağ müharibəsinin başa çatması da bunu deməyə əsas verir.
Ölkə rəhbəri hazırda şəhərdə quruculuq işlərinin sürətlə aparıldığını, Şuşada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil etdiyindən gələcəkdə bura gələn qonaqların da sayının davamlı şəkildə artacağını əminliklə bildirib və “bu, bizim böyük sərvətimizdir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır” kimi dəyərləndirib.
Prezident İlham Əliyev qədim mədəniyyət paytaxtımızda reallaşdırılan quruculuq layihələrindən bəhs edərkən, hazırda erməni faşizminin dağıtdığı tarixi memarlıq abidələrinin bərpa edildiyini, burada 3 məscidin yenidən qurulduğunu, dahi şair və Qarabağ xanlığının vəziri Vaqifin məqbərəsinin əvvəlki görkəminə qaytarıldığını da diqqətə çatdırıb.
Ölkə rəhbəri fikrini davam etdirərək mərasim iştirakçılarının bu şəhərə gələrkən azad olunmuş ərazilərdən keçdiklərini xatırladaraq deyib: “Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət, bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır”.
Bir müddət öncə şəhərin Baş planının təsdiqləndiyini və indi artıq ilk yaşayış binaları layihəsinin icra edildiyini bildirən Azərbaycan Prezidenti həmin tikintilərdə iş yekunlaşandan sonra sakinlərin yenidən evlərinə qayıdacaqlarını vurğulayıb.
Xatırladaq ki, hazırda şəhərdə 23 binadan ibarət yaşayış kompleksində tikinti işləri sürətlə aparılır. Bu kompleksdə, ümumilikdə, 450 mənzil inşa edilir. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzilin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Şəhərin Qarabağ küçəsində isə 10 qeyri-yaşayış binası tikilir. “A” və “B” korpuslarından, həmçinin ofis binasından ibarət tikilinin ümumi sahəsi 5 min 745 kvadratmetr nəzərdə tutulur. Gələn il bu vaxt təhvil verilməsi nəzərdə tutulan həmin obyektlərdə ofis və ticarət mərkəzlərinin, həmçinin təmir olunan keçmiş poçt binasında DOST, “ASAN xidmət”, “Azərpoçt” və KOBİA kimi qurumların fəaliyyətə başlaması sakinlərin ehtiyaclarının və yüksək sosial təminatının ödənilməsi məqsədi daşıyır.
Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ küçəsinin abadlaşdırılması ilə bağlı ilkin vəsait ayrılıb. Abadlıq və infrastruktur layihələri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.
Şuşalı keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada, əsasən, yerli sakinlərin işə götürülməsi nəzərdə tutulur. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində də fasiləsiz iş aparılır, siyahılar dəqiqləşdirilir. Şuşada fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçən şirkətlər tərəfindən yerli sakinlər üçün təşkil olunan 3 əmək yarmarkasında 200-dək şuşalı gənc siyahıya alınıb. Hazırda onlar üçün treninqlər təşkil olunur.
Dövlətimizin başçısı Şuşada infrastrukturun bərpasından danışarkən, ermənilərin müharibə vaxtı burada supaylayıcı şəbəkəni dağıtdıqlarını qeyd edərək, işğaldan sonra şəhərdə sıfırdan yeni supaylayıcı sistem qurulduğunu, ümumiyyətlə, Baş plan çərçivəsində mədəniyyət paytaxtımızın bütün infrastrukturunun yenidən qurulduğunu, yeni yollar salındığını, bu ilin sentyabr ayında min şagird yerlik məktəbin açılışının reallaşacağını, həmçinin 90 çarpayılıq xəstəxananın da cari ilin sonuna qədər hazır olacağını bildirib.
Şübhəsiz ki, bütün bunlardan sonra Şuşa daha gözəl, çox rahat, müasir şəhər olacaq. Eyni zamanda, təbii ki, bütün tarixi-memarlıq abidələrinin orijinallığı qorunacaq, hər dəfə bura səyahət edən hər bir qonaq mədəniyyət paytaxtımızda tez-tez nəzərə çarpan dəyişiklikləri görəcək. Bir sözlə, 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri kimi şöhrət qazanacaq.
Prezident İlham Əliyev mərasimdə Şuşanın bərpa-quruculuq layihələri barədə bəhs edərkən bir məqama da toxunub. Dövlətimizin başçısı mərasimin keçirildiyi mehmanxananın tamamilə yeni olduğunu, burada tikintinin sıfırdan başlandığını vurğulayıb. Ölkə rəhbəri deyib: “Bu mehmanxana ilə bağlı maraqlı bir fakt ondan ibarətdir ki, burada separatçılar özlərinə qondarma parlamentin binasını inşa edirdilər. Mən Şuşa azad olandan sonra buraya ilk dəfə gələndə gördüm ki, bina tam yekunlaşmamışdı. Onlar öz qondarma “parlament”ini buraya köçürmək istəyirdilər və bu şəhəri–Şuşanı erməniləşdirməyə davam etməyə çalışırdılar. O binanın qarşısında dayanarkən onu şeytan yuvası adlandırdım. Şeytan yuvası söküldü və biz bu 5 ulduzlu gözəl oteli inşa etdik. Ümid edirəm ki, qonaqlarımız burada özlərini rahat hiss edirlər. Bu, Şuşanın necə sürətlə inkişaf etdiyini göstərir”.
Qlobal Media Forumunda Şuşanın bərpası ilə bərabər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti-quruculuq layihələri ilə bağlı da ətraflı danışılıb. Əvvəlcə işğal dövründə erməni faşizminin torpaqlarımızda törətdiyi vandal əməllər xatırladılıb. Ermənistan tərəfindən şəhər və kəndlərimizin yerlə-yeksan edildiyi, qəbirlərin dağıdıldığı, ölülərin sümüklərinin çıxarıldığı diqqətə çatdırılıb.
Birinci Qarabağ müharibəsindən Vətən savaşınadək olan işğal dövründə Azərbaycan ərazilərində erməni barbarlığının, terror və vandalizmnin acı mənzərəsi indi də diqqət çəkir. Başdan-başa xarabalığa çevrilən şəhər və kəndlərimizin dəhşətli vəziyyəti ürək ağrıdır. Maddi-mədəniyyət abidələrimizin mənimsənilməsi, tarixi-mədəni təyinatına uyğun gəlməyən şəkildə istifadə olunması, məscidlərdə ev heyvanlarının saxlanılması, inanc yerlərinin əksər hallarda yerlə yeksan edilməsi, yaşıllıqların məhv olunması işğalçının qəddarlığının miqyasından xəbər verir.
Düşməndən təmizlənən ərazilərdəki dağıntılar qeyd edildiyi kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə törədilib. Əvvəlcə evlərin və sosial obyektlərin tikinti materialları, dam örtükləri və pəncərələri oğurlanıb, daha sonra isə Azərbaycanın mədəni irsi dağıdılıb, təbii sərvətləri talan olunub. Bütün bunları nəzərdə tutan dövlətimizin başçısı çıxışlarının birində deyib: “Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”.
Xarici ekspertlər tərəfindən ermənilərin Azərbaycanda törətdikləri bu dağıntlar, vandal əməllər nəticəsində şəhər və kəndlərin yerlə bir edilməsi Xirosima və Naqasakiyə atılan atom bombasından yaranan dəhşətli vəziyyətə bənzədilib. Lakin Qarabağın atom silahı ilə deyil, Azərbaycan xalqına yönələn nifrətin gücü ilə bu hala salındığı vurğulanıb.
Talan və məhv edilən dəyərlər nəinki ölkəmizin, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Buna baxmayaraq, bu cür barbarlığı, təəssüf ki, dünya birliyi susqunluqla qarşılayır, biganə münasibət sərgiləyir.
Vətən müharibəsindən ötən dövr ərzində də Ermənistanın Azərbaycana qarşı yönələn təxribatları ara vermir. Bu, əsasən, işğaldan azad edilən sahələrin uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanması ilə bağlıdır. Hazırda düşməndən təmizlənən torpaqlarımız “barıt çəlləyi”ni xatırladır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda bununla bağlı dedikləri diqqət çəkir: “Minatəmizləmə prosesi ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var. Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə – 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir”.
Şuşa Qlobal Media Forumunda Böyük Qayıdış Proqramının icrası vəziyyətinə də toxunulub. Tədbirdə Azərbaycanın 30-dan çox şəhər və kəndinin Baş planının təsdiqləndiyi, bir çox kəndin təməlinin də qoyulduğu və artıq həm Qarabağ, həm də Şərqi Zəngəzur rayonları üzrə, təxminən, növbəti 3 il ərzində 150 mindən çox insanın dogma yurdlarına qaytarılacağı diqqətə çatdırılıb.
Fərəcon Nazim Mudət oğlu
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı
Şərh yazılmayıb.