Huquqaz.com

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib

22.05.2024
2.734
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü – qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bir daha bəlli oldu ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir.  Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran milli məqsədləri reallaşdırmaq iqtidarındadır.

Şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir”.

Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. “Böyük Qayıdış” yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev mayın 19-da Araz çayı üzərində in­şa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açı­lış mərasimində iştirak edib. Azərbaycan ictimaiyyəti də, İran ictimaiyyəti də, dünya ictimaiy­yə­ti də hər iki tədbiri tarixi hadisə kimi dəyərləndirir. Bu layihələrin gerçəkləşməsi əra­zi­də səna­ye­nin də, kənd təsərrüfatının da inkişafında əhəmiyyətli olacaq. Digər tərəfdən, bunlar iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsini də təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dünyəvi prosesləri əhatələyən mətləblərdən də danışaraq son illərin ən çox diqqəti çəkən problemlərindən də söz açdı: “Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”.

İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri bütün dünyaya bir daha göstərdi ki, bu torpaqların əsl sahibi kimdir. Həmçinin bir daha sübut olundu ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan qurucu, yaradıcı olmaqla yanaşı, regionda, eləcə də bütün dünyada inkişaf, sülh, əməkdaşlıq, tərəqqi üçün var qüvvəsi ilə çalışan güclü dövlətdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Dostluğun dərin kökləri və tarixi var.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan edib. Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində qurulan əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, aparılan müzakirələr, imzalanan sənədlərlə daha da möhkəmlənib və genişlənib.
Bir sıra qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun güclü dövlətlərindən olan İran ilə ikitərəfli və çoxtərəfli platformalarda da əməkdaşlığa xüsusi önəm verir. Eyni münasibət qonşu ölkə tərəfindən də dəfələrlə bildirilib. Bu xüsusda ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığa xüsusi önəm verirlər. Azərbaycan və İran BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və digər beynəlxalq təsisatlarla da fəal əməkdaşlıq edir və bir-birlərinin mənafelərini müdafiə edirlər. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması da münasibətlərimizin dinamik inkişafına mühüm töhfələr verir. Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası, öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.

Dövlət başçımızın qeyd etdiyi kimi, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib. Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın, ölkələrimizin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək.

İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır.  Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu istismara verilir. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafı, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyi  təmin ediləcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, həm də, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Dövlət başçımızın qeyd etdiyi kimi, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir.

Cari ilin mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. İşlərin başa çatması ilə əlaqədar may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Açılış mərasimində qeyd edilib ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Keçirilən mərasim iki qonşu dövlət arasında dostluğun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.

Bu gün bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İran və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki dövlət bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətini, öz niyyətini ifadə edirlər. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.