Huquqaz.com

Dəmir yollarından 10 minlik oğurluq edənlər saxlanıldı – Video

13.04.2023
376
Dəmir yollarından 10 minlik oğurluq edənlər saxlanıldı – Video

Dəmir yollarından dəyəri 10 min manat olan 6 ədəd drossel-transformatorlar oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə HUQUQAZ.COM -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində maddi sübutlarla birlikdə saxlanılıblar. Onlardan oğurladıqları transformatorların bir hissəsi və hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində digər transformatorları hissələrə ayıraraq Səbail rayonu Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Qeyd edək ki, dəstə üzvlərinin oğurladıqları drossel-transformatorları dəmir yollarında qatarların hərəkətinin nizamlanması zamanı istifadə edilən işıqforların fəaliyyətini tənzimləyən əsas elektrik qidalandırıcıdır. Bu hadisə nəticəsində dəstə üzvləri dəmir yolları təsərrüfatına 10 min manata yaxın maddi ziyan vurublar.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərhlər

Şərh yazılmayıb.