“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib
“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib
Cənab Prezidentimizin imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir. Artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb. Ölkənin perspektiv planlarında təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Bildirildiyi kimi, Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. İşğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturu, yaşayış evlərini yenidən tikmək tələb olunur. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində bəhs olunan ərazilərdə çoxsaylı layihələrin icrasını tamamlamağa nail olub.
Bildirildiyi kimi, “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edir. İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri yeni yanaşmalar əsasında reallaşdırılır. Həmin ərazilərdə tamamilə yeni, müasir standartlar əsasında layihələrin icrası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident cənab İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunub. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət göstərəcək. “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılmasından bəhs edən Prezident cənab İlham Əliyev deyib: “Biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Şərh yazılmayıb.