Konstitusiya quruluşunun tarixində önəmli fakt
Konstitusiya quruluşunun tarixində önəmli fakt
Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir.
Hələ 1918-ci ildə Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq xalq cümhuriyyəti yaratmış, özünün demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın indiki Konstitusiyası isə xalqımızın müstəqil, azad, demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini vermək əzmini və iradəsini nümayiş etdirir. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 27 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik islahatların əsası kimi çıxış etmişdir. Bu gün Azərbaycan xalqı gələcəyə daha inamla addımlayır, çünki dövlətimizin sükanı müstəqil Azərbaycan Respublikasının memarı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlindədir və onun müdrik siyasəti ilə idarə olunur. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva.
Şərh yazılmayıb.