Huquqaz.com

Xalq və ordu birliyi…

04.11.2024
2.352
Xalq və ordu birliyi…

Xalq və ordu birliyi…

Ordumuz dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Doğrudan da, nizami ordu, mərd və qorxmaz əsgərlərimiz olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Bu gün hər birimiz rəşadətli və qalib ordumuzla fəxr edirik. Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edən, xalqına Böyük Qələbə sevinci yaşadan ordusu ilə hər zaman qürur duyur. Hərbçilər Vətəni qorumaq kimi şərəfli vəzifə yerinə yetirirlər. Bu vəzifənin müqəddəsliyini dərk edən hər kəs daim ordusuna inanıb, güvənib. Ordu xalqın, xalq ordunun dayağı olub. 44 günlük Vətən müharibəsində də xalq əsgərinə olan güvənini, dəstəyini əsirgəmədi. Düşmənin başını əzən dəmir yumruq, məhz dövlət, xalq, ordu birliyinin yumruğu oldu. Bir sözlə Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır. Bu sarsılmazlığın göstəricisi kimi müxtəlif  dövlət qurumlarının, özəl təşkilatların əməkdaşları, millət vəkilləri, orta və ali təhsil ocaqlarının nümayəndələri tez-tez hərbi hissələrə səfərlər edir, Vətən qoruyucuları ilə bir arada olurlar. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Həmçinin əsgərlərimiz də bu qayğıdan, onlarla görüşə gələn insanlardan eşitdikləri xoş sözlərdən, ordumuza olan inamdan ilham alaraq, daha yüksək əhval-ruhiyyədə xidmət aparırlar.

Müasir ordumuzun banisi ümummilli lider Heydər Əliyevin belə bir sözü vardı: “Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır”. Bu sözlər Ulu Öndərimiz tərəfindən hərbçilərimizə olan sevginin nümunəsidir. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Azərbaycan əsgərinin rəşadəti, mübarizliyi, Vətən sevgisi Böyük Qələbə qazandı.Biz Ali Baş Komandanımızla, rəşadətli ordumuzla, qəhrəman zabit, gizir əsgərlərimizlə fəxr edirik. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhları qarşısında baş əyir, yaxınlarına səbr diləyirik.

Zərdab rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin əməkdaşı- Elnarə Salikova

 

 

Azərbaycan xalqının tarixi qələbəsi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında dünyanın bütün aparıcı mətbuat orqanları, politoloq və dövlət xadimləri geniş bəhs edərək açıqlamalar verirlər. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır.  Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. İndi haqlı olaraq xalqımız 30 ilə qədər bir dövr ərzində işğal altında olan torpaqlarımızın azad edilməsini, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, böyük sevinclə bayram edir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

Şərhlər

Şərh yazılmayıb.