“Dəmir yumruq” əməliyyatı
“Dəmir yumruq” əməliyyatı
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan Respublikası ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı.
2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov
Hərbi Qənimətlər Parkı
Müasir tikililəri, yeni prospekt və parkları, habelə muzey və gəzinti yerləri ilə göz oxşayan Bakının, Xəzərin mirvari boyunbağısı adlandırılan dənizkənarı Sahil bağında bir ildən artıqdır ki, Hərbi Qənimətlər Parkı fəaliyyət göstərir. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edib. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz” dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın edib. Bir-birinin ardınca şəhər və kəndlərimiz düşmən işğalından azad olunub. 44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirib.
Vətən müharibəsi sona çatdıqdan təxminən bir ay sonra – 2020-cı ilin 10 dekabr tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı “Dəmir yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva
Şərh yazılmayıb.