Qubadlı rayonu tamamilə işğaldan azad oldu
Qubadlı rayonu tamamilə işğaldan azad oldu.
Oktyabrın 25-də xalqımız Qubadlı rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd edir. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınmışdır. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır.Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır. Ali Baş Komandan Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərdə məhz hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirdi. Şəhidlərimizi hörmətlə yad etdi. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırdı. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur.Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu.İşğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq, biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi
44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə sonlanması təqvimə yeni tarixi günlər bəxş edib. Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Bu tarix Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü, Azərbaycan xalqının Qarabağdakı qələbə yolunun ən əhəmiyyətli hadisələrindən birini xatırladır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinə çevrildi. Şəhərin azad edilməsi bir neçə gün sürən şiddətli döyüşlər nəticəsində baş verdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, şəhərin ətrafındakı yüksəklikləri ələ keçirərək Azərbaycan Ordusuna müqavimət göstərməyə çalışmışdılar. Lakin ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndi, Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildi. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun 44 günlük müharibədə strateji üstünlüyü təmin etdi və qələbəni yaxınlaşdırdı. Qubadlının azad edilməsindən sonra rayonda geniş bərpa işlərinə start verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 25 oktyabr tarixi Qubadlı şəhəri günü kimi müəyyən edilib. Bu qərar, Qubadlının azad edilməsi və onun bərpası ilə əlaqədar tarixi günün əbədiləşdirilməsi məqsədi daşıyır.Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının iradəsinin, Azərbaycan Ordusunun gücünün və Azərbaycanın haqq savaşının qələbəsi olaraq hər il qürurla qeyd ediləcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım
Şərh yazılmayıb.