Huquqaz.com

Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır

25.10.2024
2.492
Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır

Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir, səthi əsasən, dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddurRayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, həmçinin Mollabürhan kəndinin cənubunda tuf daş, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlı rayonu uzun illər nənfur düşmənin tapdağı altında qalmışdır. 44 günlük şanlı Zəfər tariximizdən artıq dörd illik zaman ötür. “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi.

2020-ci ilin sentyabrın 27-də başlanan Zəfər yürüşü Qubadlı şəhərinin işğaldan azad olunması ilə nəticələndi. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Ermənistan hərbi birləşmələri bu rayon mərkəzində güclü istehkamlar qurmuşdular. Həmçinin, yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Rəşadətli ordumuzun gücü qarşısında düşmənin qaçmaqdan başqa çarəsi qalmamışdı. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək cəmi bir neçə gün çəkmişdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlkin olaraq şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Bu gün Qubadlıya yeni həyat gəlib. Rayon tam şəkildə yenidən qurulur.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

Qubadlının yeni inkişaf tarixi başlanıb

2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi.  Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etmişdir.

Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayonuna səfərlər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021-ci tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

19 oktyabr 2022-ci ildə üçüncü səfəri zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

2023-cü il may ayının 4-də isə cənab  Prezident İlham Əliyev dördüncü dəfə rayona səfər etmiş və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

Bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.

 

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.