Müharibənin gedişatında dönüş nöqtəsi
Müharibənin gedişatında dönüş nöqtəsi.
Qubadlı 1993-cü il avqustun 31-də işğal edilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmışdı, yararsız vəziyyətə salınmışdı. İşğal müddətində xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin vəsaiti ilə Xanlıqda qəsəbə salınmışdı. Bu, işğalçılığın beynəlxalq miqyasda təzahürü demək idi… Qubadlının işğaldan azad edilməsi ordumuzun döyüş cəbhələrində yeni qələbələrinin əsasını təşkil etdi. Xatırladaq ermənilər burada da güclü istehkamlar qurmuşdular. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Azərbaycan Ordusu çox mühüm qələbələr əldə etdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün düşmənin hərbi birləşmələri yerləşən ətraf yüksəkliklər nəzarətə götürüldü. Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildikdən sonra strateji yüksəkliklər alındı. Oktyabrın 25-də ordu hissələrimiz şəhəri düşməndən təmizlədi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən, igidlik və şücaətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. Ermənistan vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar. Çünki, bu vəhşi ölkənin barbar silahlıları digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Xüsusilə işğal dövründə onlar Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparıblar. Məhz bu faktlara əsasən Ermənistan gec, ya tez beynəlxalq hüquq qarşısında cavab vercəkdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi müəyyən edildi. İşğaldan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubadlıya ilk səfəri dekabrın 23-də oldu. Həmin gün Qubadlıda Azərbaycan Bayrağı ucaldıldı. Cənab Prezidentin Qubadlıya 2021-ci il oktyabrın 25-də səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının açılış mərasimi oldu, 2023-cü il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yeri olan tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi…
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi.
Qubadlı rayonu 27 il iki ay erməni işğalında qalıb. İşğal dövründə rayonun bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, sosial obyektlər, mədəniyyət obyektləri, məscidlər, körpülər, həmçinin bütün infrastruktur tamamilə yerlə yeksan edilib. Qubadlıda mövcud olmuş 13160 hektar meşə sahəsi belə işğal dövründə məhv edilmişdir. Ermənistan Qubadlı rayonunda misilsiz vandalizim aktları ilə yanaşı müharibə cinayətləri də törətmişdir. Belə ki, xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Bu isə Cenevrə konvensiyalarına görə müharibə cinayətidir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş hesab olunur. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin 28-ci günü 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etmişdir. Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 4 dəfə Qudadlı rayonuna səfər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021-ci tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 19 oktyabr 2022-ci ildə üçüncü səfəri zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir. 2023-cü il may ayının 4-də isə Prezident İlham Əliyev dördüncü dəfə rayona səfər etmiş və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
Şərh yazılmayıb.