Huquqaz.com

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

25.10.2024
2.388
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Rayonun ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı-2010 metr), Bərgüşad silsiləsinin şərq (Hərtiz dağı – 1277 metr) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı-1075 metr) hissəsinə daxildir. Qarabağ yaylasının cənub –şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çaylarının arasında yerləşir) ərazidə 450 metrədək alçalır. Bu ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Rayonun ərazisində Yura-Antropogen çöküntüləri yayılmışdır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır.

Qubadlı rayonunun iqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta temperatur yanvar ayında düzən yerlərdə 10 S-dən dağlıq yerlərdə mənfi 4 dərəcə selsiyə qədər, iyul ayında isə müvafiq olaraq 260 selsi və 140 selsi-dir. İllik yağıntının miqdarı 400-600 mm-dir. Qubadlı rayonunda mineral maddələrlə zəngin olan 600-dən çox bulaq var. Onlardan Məmər kəndindəki “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndindəki “Turşsu”, digər ərazilərdə “Sobu”, “Kəklik”, “Söyüdlü Əli”, “Çimli”, “Çayzəmi” və başqalarını qeyd etmək olar.

Qubadlı rayonunun zəngin faunası var. Buradakı meşə sahələrində çöldonuzu, qonur ayı, canavar, vaşaq, cüyür və s., yamac və düzənliklərdə boz dovşan, porsuq, tülkü, çaqqal, süleysin, oxlu kirpi, qumsiçanı və s. yaşayır. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin, bildirçin, sərçə, bülbül, qartal, qırğı, sürünənlərdən gürzə ilanı, kərtənkələ, koramal, boz ilan çoxluq təşkil edirdi.

Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunda Hacılı kəndində mişar daşı yatağı var. 1965-ci ildən burada mişar daşı sexi fəaliyyət göstərirdi. Həmin daşdan tikinti, abadlıq işlərində geniş istifadə edilirdi. Yataqda 6118 min kubmetr daş ehtiyatı qalırdı.

Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bu gün isə Qubadlıya yeni həyat gəlib. Rayon tam şəkildə yenidən qurulur. 44 günlük şanlı Zəfər tariximizdən artıq dörd ilə yaxın zaman ötür. “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Rayonun işğal tarixi

Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi vardı. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur;

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərmişdir. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olmuşdur.  Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərmişdir.

Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olmuşdur. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət etmişdir. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərmişdir.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan etmişlər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələri yerlə yeksan olmuşdur. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid vermiş, 146 nəfər əlil olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Müharibənin gedişatında dönüş nöqtəsi

Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında işğaldan azad edildi. Bizim bir cümlə ilə ifadə etdiyimiz bu Qələbə böyük qəhrəmanlığın, şücaətin, torpaq, Vətən sevgisinin, neçə-neçə Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında Qələbəmizin qəhramanlarından bəhs edir və bildirir ki, şəhidlərimiz heç zaman unudulmur və unudulmayacaq. Onlar canları, qanları ilə tarix yazdılar.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Xalqımız 2020-ci il 25 oktyabr tarixində növbəti qələbə müjdəsini aldı. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəklikləri işğaldan azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  Qubadlı şəhəri daxil olmaqla  rayonun 41 kəndi azad olundu.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru  

 

 

 

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri  illər ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.  Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

O cümlədən həmyerlimiz Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olaraq İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.