Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər
Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər
Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu dövlətlərdən biri də İtaliyadır. Azərbaycan-İtaliya münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu gün isə əlaqələrdən söz açmazdan öncə qeyd etməliyik ki, starateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı dövlət başçıları arasında olan səmimiyyətdən irəli gəlir. İtaliya prezidentinin Azərbaycana, Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfərləri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər iki dost ölkəni bir-birinə bütün sahələr üzrə çox yaxınlaşdırıb. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
İtaliya ilə Azərbaycan arasında mühüm tərəfdaşlıqlar mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Azərbaycan-İtaliya münasibətlərini qiymətləndirərkən qeyd edilməlidir ki, , iki ölkənin ticarət əməkdaşlığı olduqca fəaldır. İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. İtaliya işgüzar dairələri həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, bununla məhdudlaşmır.
Işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir. Əslində, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası işində İtaliyada fəaliyyət göstərən şirkətlərin sayı Türkiyədə fəaliyyət göstərən şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.