Huquqaz.com

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir

30.04.2024
2.265
COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın verilməsi mühüm və tarixi hadisədir. Ölkəmizdə  davamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29 beynəlxalq konfransı­nın Azərbaycanda reallaşmasını şərtləndirən digər mühüm bir amil isə Azərbayca­nın bu gün dünyada neft-qaz ölkə­si olmaqla bərabər, həm də “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et­məsinin hazırda prioritet xarakterə çevrilməsi ilə bağlıdır.

1995-ci ildən hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir.

Ölkəmizin qazandığı uğurlarda Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaqdır.

Zərdab şəhər sakini Cavid Məmmədov

 

 

Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində sədirlik edib.

Son 4 il ərzində Azərbaycan BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi dövlətimizin böyük etimad qazanmasını şərtləndirib. Bu gün yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini yeni çağırışlara adekvat qurmaq məcburiyyətində qaldı. Respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib.

Burada xüsusilə inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi siyasəti” və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar.

Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb.

Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.

Azərbaycan Qoşulmama Hərəkatında dünyada cərəyan edən proseslərlə bağlı mövqe ortaya qoyan, davamlı addımlar atan bir ölkəyə çevrilib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır.

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir. Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin olunması, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bu sahədə artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində enerji təchizatı və enerji ixracı ilə bağlı təcrübəyə malikdir. Müstəqillik illərinin ilk vaxtlarından başalayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkanda enerji resurslarının yaradılması, karbohidrogen ehtiyatlarının ölkə xaricinə boru kəmərləri vasitəsilə nəql olunması işində bir çox beynəlxalq əhəmiyyətli layihələri uğurla icra etmişdir. Azərbaycanda son illər ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan və yeni enerji mənbələrindən də əsasən, su və günəş enerjisindən istifadə olunmasına başlanılmışdır. Qarabağda yeni enerji infrastrukturunun yaradılmasında da bu təcrübədən uğurla istifadə olunur. Bütövlükdə Qarabağ “Yaşıl enerji” zonası kimi elan edilmişdir. İşğal zamanı Qarabağda mövcud olmuş avtomobil yolları tamamilə yarasız vəziyyətə düşmüşdür. Yeni nəqliyyat –kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolların bərpası da yenidənqurma işlərinin tərkib hissəsidir. Bu istiqamətdə dəmir və avtomobil yolları vasitəsilə Naxçıvanla Azərbaycanın qərb rayonlarının birləşdirilməsi və Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərdən biridir.

Şərqi Zəngəzur həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik olan iqtisadi rayondur. Erməni işğalından azad edilən bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə həmin ərazilərimizin, bütövlükdə, Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın reallaşdırılmasına imkan verəcək.

Artıq Azərbaycan yerləşdiyi coğrafi məkanda həm söz, həm də güc sahibidir. Əldə edilmiş qələbə ölkəmiz qarşısında yeni imkanlar yaratmaqla yanaşı, yeni iqtisadi və siyası cəhətdən daha da qüvvətli Azərbaycanın qurulmasına xidmət etmiş oldu. Ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidir .

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Azərbaycanda media azadlığı təmin edilir.

Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Azad media azad sözün, insan hüquqları və azadlıqlarının qoruyucusu rolunda çıxış edir. Söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir.  Bütün sahələrdə olduğu kimi,  mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz,  azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda biruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir. Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir.

Milli mətbuatımızın inkişaf dövrü müstəqillik illərinə təsadüf edir. Azərbaycan müstəqil dövlət kimi tanındıqdan, beynəlxalq aləmə inteqrasiya etdikdən sonra beynəlxalq standartlara uyğun media formalaşdı. Bu isə o deməkdir ki, müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanması ölkənin müstəqilliyi ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi. Bu gün, demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir.  İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyət düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra – sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Onu da xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.

Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident cənab İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.

Keçən ilin martında Berlində, iki ay əvvəl Münhendə kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.

Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.