Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir.
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəb haqqında fikirlərini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış beynəlxalq miqyaslı sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Dilarə Məmmədova – Zərdab şəhər 2 saylı körpələr evi -uşaq bağçasının müdiri
Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır
Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.Hələ 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. Tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.
Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi – Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan xalqı heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıdır. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.
Bu inamın nəticəsində Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ildə son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Azərbaycan yazdığı dastan ilə sadəcə öz tarixinə yox, həm də dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu.Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Artıq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi -uşaq bağçasının müdiri
Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur
1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur.
Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EVO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.
Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi -uşaq bağçasının müdiri
Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər.
Qeyd edək ki, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün ECO ölkələri üçün açıqdır . Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.
Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, cənab Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.
Ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. Dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi -uşaq bağçasının müdiri
Şərh yazılmayıb.