Huquqaz.com

Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir

25.08.2023
2.223
Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir

Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir

“Həqiqi dahi o insandır ki, ürəyi hamı üçün döyünür”. Dünyaşöhrətli fransız yazıçısı, Nobel mükafatı laureatı Romen Rollanın bu müdrik fikri müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya azərbaycanlılarının fəxri və Ümummilli Lideri, böyük siyasətçi və mütəfəkkir Heydər Əliyevin həyat idealını çox dəqiq ifadə edir. Anadan olmasının ildönümlərini hədsiz qürur hissi ilə qeyd etdiyimiz qüdrətli dövlət xadimi Heydər Əliyevin ömür yolu nəcib məqsədlərə, işıqlı ideallara, Vətənə və millətə təmənnasız olaraq sədaqətlə xidmətin parlaq nümunəsidir. Azərbaycanın xalqımıza şərəf və başucalığı gətirən müasir tarixinin zəfər salnaməsinin yaradılmasında böyük rəhbərimizin ölçüyəgəlməz xidmətləri danılmaz və unudulmaz həqiqətdir. Fövqəladə idarəetmə məharətinə, heyrətamiz siyasətçi istedadına, yenilməz qətiyyətinə və sarsılmaz iradəsinə, ən çıxılmaz vəziyyətlərdə belə konstruktiv müdrik qərarlar qəbul etmək bacarığına görə Heydər Əliyevin adı dünyanın ən məşhur şəxsiyyətləri ilə bir sırada çəkilir. XX əsr Azərbaycan tarixinin bütöv bir qərinəsi – 30 ildən artıq dövrü məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olan Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir. O, qədirbilən xalqımızın, eləcə də onunla birlikdə çalışmış və ünsiyyətdə olmuş digər ölkələrin dövlət rəhbərlərinin, habelə sadə vətəndaşlarının yaddaşında xariqələr yaratmağa, siyasi uzaqgörənliyi ilə zəmanəsinin fövqündə durmağa qadir dahi insan olaraq əbədiyyət qazanmışdır.

Heydər Əliyev şəxsiyyəti və müdrikliyi dünyada çox insanları heyran etmişdir. Görkəmli ABŞ siyasətçisi Zbiqnev Bzejinski onu beynəlxalq səviyyəli, qətiyyətli, uzaqgörən dövlət xadimi, tarixi əhəmiyyətli lider, Rusiya prezidenti Vladimir Putin “siyasət nəhəngi”, ABŞ-ın sabiq prezidenti Corc Buş “Cənubi Qafqazda ən əsas şəxsiyyət”, böyük gürcü rəssamı Zurab Sereteli “dünya vətəndaşı”, Rusiya siyasi xadimi Yevgeni Primakov “tarix yaradan insan” kimi yüksək qiymətləndirmişlər. Qardaş Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər yazırdı ki, “Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm”. Sovet İttifaqı Qəhrəmanı, dövlət xadimi Boris Qromov qeyd etmişdi ki, “Şübhə yoxdur, Heydər Əliyevin adı vətənimizin tarixinə qızıl hərflərlə yazılacaqdır”. Bu isə tanınmış siyasətçi Kirşan İlyumjinovun fikridir: “Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir”. Vaxtilə Ulu Öndərlə tanış olmuş Klivlend klinikası təhlükəsizlik xidmətinin rəisi yazmışdı ki, “Ona yaxın olmaq möcüzə idi. Həyatda yalnız bircə dəfə baş verə biləcək möcüzə!”.

Ulu Öndər şərəfli həyat və fəaliyyətinin bütün dövrlərində möhtəşəm quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dövlətçiliyin təminatçısı olmuş, ən ağır vaxtlarda xalqımız və dövlətimizin mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir. Onun Azərbaycanda siyasi hakimiyyətdə olduğu ilk dövrü əhatə edən 1969-1982-ci illər ölkəmizin müasir tarixinin şanlı səhifələri, intibah dövrü kimi qiymətləndirilir. O vaxtlar tənəzzül və durğunluq burulğanında qalmış, nəinki xarici dövlətlərdə, hətta keçmiş Sovetlər Birliyinin hüdudları daxilində yaxşı tanınmayan, “imzalar içində imzası olmayan” Azərbaycanın qısa zamanda sosial-iqtisadi inkişaf baxımından qabaqcıllar sırasına çıxması, adlı-sanlı respublika imici qazanması birmənalı şəkildə Heydər Əliyevin idarəetmə istedadının, onun qibtəolunası təşkilatçılıq bacarığının, tükənməz yaradıcılıq əzminin məntiqi nəticəsi idi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Vətənpərvərlik böyük bir məfhumdur

Şəxsiyyətlər var ki, tarix onları yetişdirir. Şəxsiyyətlər də var ki, onlar özləri tarix yaratmağı bacarır. Onlar mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyinin qorunması yolunda həyatlarını belə verən, xalqına sədaqətlə xidmət edən insanlardır. Zaman keçdikdə bu insanlar bir nəsil üçün deyil, neçə-neçə nəsillər üçün örnək və nümunə kimi həyat məktəbinə çevrilirlər. Heydər Əliyev xalqımızın Azərbaycana bəxş etdiyi məhz belə şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, milli dövlətçiliyimizin memarı və qurucusu, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı, güclü məntiqi, qüdrətli zəkası ilə seçilən görkəmli dövlət xadimi, təhsil quruculuğu strategiyasının ideya müəllifidir.  Belə bir qüdrətli dövlət başçısının və dahi şəxsiyyətin nümunəsində müasir gənclərin tərbiyəsi onları azərbaycançılıq ideyalarını yaşadan vətəndaş kimi yetişdirməyə kömək edir. Gənclik cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin təminatına zəmanətdir. Gəncliyin hərtərəfli və harmonik inkişafı bu gün başlıca məqsəddir. Hər bir dövlətin və millətin tərəqqisində gənc nəslin təhsili və tərbiyəsi müstəsna əhəmiyyət kəsb edir. Ölkənin, xalqın gələcəyi, cəmiyyətin inkişafı və tərəqqisi bugünki gənclərin kimliyindən, onların bilik, bacarıq, dünyagörüşünün səviyyəsindən, eyni zamanda gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan Respublikası Gənclərinin I Forumunda Heydər Əliyevin nitqində gənc nəslə ünvanladığı dəyərli tövsiyələrində və nəsihətlərində atalıq qayğısı, gəncliyimizin parlaq gələcəyinə olan inamı özünü büruzə verir: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.

Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. …Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsillənməsində eyni zamanda ümumbəşəri dəyərlərdən istifadə olunmalıdır. Milli-mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir”.

Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində müasir gənclik Vətənə sədaqət və məhəbbət, millətini sevmək və ucaltmaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirmək, respublikanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə olunur, geniş dünyagörüşünə malik olmaqla özünü daim inkişaf etdirmək bacarığına yiyələnir. Müasir gəncliyin yeni təfəkkürə malik şəxsiyyət kimi formalaşmasında Heydər Əliyevin söz qüdrəti, diplomatik şücaəti, aydın və səlis nitqi böyük rol oynayır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Heydər Əliyev şəxsiyyətinin nümunəsi gənclər üçün mənəvi məktəbdir

Görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan dilinə göstərdiyi diqqətdir. O, dilimizin söz ehtiyatlarına, fikri ifadə etmək imkanlarına görə zəngin olduğunu dəfələrlə qeyd etmiş, ana dilimizi müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirmişdir: “Hər bir xalqın milliliyni, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu Öndərin bu müdrik sözləri ana dilini sevmək, dəyərləndirmək və təbliğ etmək istiqamətində bir çağırışdır.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə ölkənin prioritet sahələrindən biri olan təhsilin davamlı inkişaf etdirilməsinə, onun forma və məzmununun yenilənməsinə, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, gənc nəslin tələblərə müvafiq yüksək səviyyədə formalaşdırılmasına, təhsil islahatlarının həyata keçirilməsinə də diqqət göstərmişdir. Məhz Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində keçmiş SSRİ-nin 50-yə  yaxın  şəhərlərinin 170-dən çox ali məktəblərində 250 ixtisas üzrə 15 min azərbaycanlı gəncin təhsil almasına şərait yaradılmışdır. Gənc nəslin proqressiv təhsilə yiyələnməsi, onların elmi cəhətdən potensial imkanlarının təmin edilməsi böyük liderin uğurlu siyasətinin tərkib hissəsi idi.

Heydər Əliyev Azərbaycan elminin inkişafına xüsusi qayğı ilə yanaşır, görkəmli alimlərimizin xidmətlərini daim dəyərləndirirdi. O qeyd edirdi ki, gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır. Heydər Əliyev Azərbaycanın güclü elmi potensialının olmasını zəruri hesab edir, elm və cəmiyyətin tərəqqisində gənclərin rolunu xüsusi vurğulayırdı.

Heydər Əliyev şəxsiyyətinin nümunəsi gənclər üçün mənəvi məktəbdir. Gənclər bu böyük şəxsiyyətin keçdiyi həyat yolunu öyrənərək, Azərbaycanın qüdrətli rəhbərinin fərdi xüsusiyyətlərindən mənəvi tərbiyə almış olurlar, vətən, xalq və millət sevgisinin, eləcə də qəhrəmanlığın, müdrikliyin, dərin zəkalı insanın, millət atasının, dünyaşöhrətli siyasi xadimin və dövlət başçısının – fenomen insanın böyüklüyünü dərk edirlər.

Dahi insanlara xas bütün keyfiyyətlərə məxsus, vətən məfkurəsini hər şeydən üstün tutan Heydər Əliyev nümunəsi gənclərə təfəkkür dərinliyi, ideya aydınlığı, yaradıcılıq fəaliyyəti, özünüinkişaf və özünütəkmilləşdirməyə maraq, işgüzarlıq və məsuliyyətlilik təlqin edir. Azərbaycan tarixində parlaq səhifələr açmış, xalqına məhəbbət dolu ürəyə sahib olan bu qüdrətli şəxsiyyət gəncliyin qüruru və vüqarıdır.

Ulu Öndər Heydər Əliyev tərəfindın əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, intellektual, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması, hüquqlarının müdafiəsi və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Gənclərin humanizm, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, həmçinin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, eləcə də cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması gənclər siyasətinin əsas prinsiplərindəndir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.