Huquqaz.com

Dünyəvi və parlamentli respublika

27.05.2024
2.063
Dünyəvi və parlamentli respublika

Dünyəvi və parlamentli respublika

Tarixi faktlar sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb və çətin mərhələdə belə, demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 27-də isə Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla ilk Azərbaycan parlamenti yarandı və parlamentli respublikanın təməli qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul etdildi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında, ümumiyyətlə, Şərqdə, ilk dəfə Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

1918-ci il mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi.  Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. 1918-ci il sentyabrın 17-də AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Müsəlman Şərqində ilk parlamentli respublikanın tarixi Azərbaycan parlamentarizminin tarixidir. Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə, parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən biri hesab edirdi. Parlamentin fəaliyyətə başlamasına qədər Azərbaycan Təsis Məclisi – Milli Şura və icraedici orqan – Nazirlər Kabineti çox mürəkkəb şəraitdə fəaliyyət göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında əhəmiyyətli işlər görmüşdülər.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Milli dövlətçilik ənənələri

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi. Milli hökumət 1920-ci ilin 28 aprelində bolşevik qaragüruhu tərəfindən devrildi, ölkə işğala məruz qaldı. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu. 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli Lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. Ötən əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlanmışdır. Ümummilli Lider böyük hakimiyyət ustadı kimi dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə – keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmişdir. Bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev 15 fevral 2008-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də Xalq Cümhuriyyəti Parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirdi. Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən xalq cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edildi. Nazirlər Kabinetinin 2018-ci il yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi və müvafiq sərəncam imzaladı. Hər kəs bu sərəncamı ölkə rəhbərinin milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirdi və təşəkkürünü ifadə etdi. Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Müstəqil siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Prezident cənab İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Tariximizin yeni inkişaf mərhələsi

Şərqdə və müsəlman aləmində ilk demokratik, parlament tipli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqil­lik əzmini nümayiş etdirdi, ölkə vətəndaşlarına eyni hüquqları verərək irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldıraraq dövlət bayrağını, əsas ritualları təsis etmiş, Azərbaycan vətəndaşlığını birliyimizin təməli olaraq təsbit etdi. Qısa müddətdə Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi, bir çox demokratik müddəaları özündə əks etdirən Qanunlar qəbul olundu. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.

Sovetlər Birliyinin süqutu ilə XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruya bildi. 1987-1993-cü illərin böhranlar mərhələsində çox böyük sarsıntılar keçirən ölkəmizi Ulu öndər Heydər Əliyev təkrar hakimiyyətə qayıtmaqla həm dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü, həm də ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndərin sözləri ilə desək, “müstəqilliyi əldə etmək nə qədər çətin bir proses olsa da, onu qoruyub saxlamaq daha məsuliyyətli bir işdir”. Həm də unutmaq olmaz ki, həmin dövrdə Ermənistanın ölkəmizə təcavüzü bir tərəfdən daxili münaqişələr isə digər tərəfdən ölkəni çox çətin vəziyyətə saldı. Belə taleyüklü bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər dövlətimizin və onun simasında dövlətçiliyimizin xilaskarı oldu. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Onun tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkəmizin dövlətçilik tarixində ilk parlamentli respublika olaraq ona yüksək dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı”nın təsis edilməsi də dediklərimizə sübutdur. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində ölkəmiz ərazi bütövlüyünü təmin etdi, xalqımız dünyada mübariz xalq kimi tanındı.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

Milli maraqlarının təmin olunması

1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika xalq cümhuriyyəti qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. Azərbaycan Xalq Cümhuriyyəti parlament tipli respublika idi və o, çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliyyət göstərdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü işi şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Dövlət atributları – bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi. Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi. Naxçıvan diyarının Azərbaycan ərazisi kimi qorunub saxlanılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirildi. Bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu”.

Ötən əsrin 70-80-ci illərində – Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümummilli ideyanın gerçəkləşdirilməsi – Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı”. Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər dövlət müstəqilliyi üçün real tədbirlərin həyata keçirildiyi dövrdür. 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan xalqımızın böyük oğlu qədim diyarda müstəqilliyimizlə bağlı qəti və əhəmiyyətli qərarlar qəbul etmişdir. Üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə – ölkədə müstəqillik bərpa olunmasından sonra bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüşdür. Sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, ilk milli sərhəd dəstəsi və ordu hissələri yaradılmış, Sovet İttifaqının qorunub saxlanılması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdir. Göründüyü kimi, Ulu Öndər Azərbaycanın qurtuluşuna və müstəqilliyinə Naxçıvandan başlamışdır. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyub saxlaya bildi. Azərbaycanın öz inkişaf və sabitlik dövründə yaşadığı 1993-2003-cü illər müstəqilliyimizin ikinci dövrüdür. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açılır. Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirmişdir. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü-suverenliyini bərpa etməsi, işğalçı ölkəni kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyması Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir. Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmişdir. Həmin Qanunda Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.