Huquqaz.com

Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı,böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə böyük şəxsiyyətlərdən biri olmuşdur

16.06.2023
1.487
Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı,böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə böyük şəxsiyyətlərdən biri olmuşdur

Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı,böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə böyük şəxsiyyətlərdən biri olmuşdur.

Ümummilli Liderimiz Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi. Ulu Öndər Heydər Əliyev həmçinin insanların əməyinin dəyərləndirilməsinə hər zaman xüsusi önəm verərdi. Buna paralel olaraq həmin zəhmətkeşlərin əməyini öz yaradıcılığında əks etdirən Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Bu musiqiçilərdən biri də dahi bəstəkarımız Üzeyir Hacıbəyov olmuşdur. Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Bu barədə Heydər Əliyev demişdir: “Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”. Bu böyük insanlar dünyalarını dəyişdikdən sonra da öz əməlləri ilə doğma vətənə, sevimli xalqımıza uğur və şərəf gətirirlər. Belə dahiləri olan millət böyükdür, xoşbəxtdir, yenilməzdir.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

“Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir.” – – Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə hər zaman həssas münasibət bəsləyir, sənət adamlarına diqqət və qayğı göstərirdi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxu ilə şəxsən tanış idi. Vaxtaşırı olaraq konsertlərə, teatr tamaşalarına baxır, səhnə arxasına keçərək artistlərlə, aktyorlarla söhbət edirdi.

Ulu Öndər 2000-ci il mayın 7-də Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxdı. Tamaşadan sonra sənətkarlarla görüşən Ulu Öndər Cəfər Cabbarlı irsini və “Aydın” pyesinin tamaşaya qoyulmasını yüksək qiymətləndirərək dedi:

“Cəfər Cabbarlının bu pyesi Azərbaycanın bütün teatrsevərləri, sənətsevərləri üçün həmişə qiymətli, əziz olmuşdur, bu tamaşa həmişə sevinclə qarşılanmışdır. Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız. Bəlkə burada yenə mənim də bir az xidmətim var ki, mən Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə sərəncam imzaladım, siz də bu sərəncama cavab olaraq onun gözəl əsərlərindən birini hazırladınız və bu gün təqdim etdiniz. Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Təsadüfi deyil ki, – mənim xatirimdədir – biz onun 80 illik yubileyini çox təntənəli keçirdik. Azərbaycanda, Bakının ən gözəl guşələrindən birində Cəfər Cabbarlının heykəlini ucaltdıq”.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

“XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.” – Heydər Əliyev

Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Elm, mədəniyyət, incəsənət, ədəbiyyat, rəssamlıq və s. sahələrin beşiyi məhz ölkəmiz olmuşdur. Ümummilli lider Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə respublikamıza birinci rəhbərliyi dönəmində bütün sahələrə diqqətlə yanaşmış, milli-mənəvi dəyərlərimizin itirilməməsi və daha da inkişaf etdirilməsi üçün həmişə xüsusi qayğı göstərmişdir.

Ulu öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə – 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Ümummilli lider Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak etmişdir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusilə qeyd etmişlər. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövrün yazarlarına böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsimin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İ.Nəsimin abidəsi qoyuldu.

Heydər Əliyevin sovet hakimiyyəti dövründə yazarlara olan etimadını və qayğısını sadaladığımız faktlarla məhdudlaşdırmaq olmaz. Ümumiyyətlə, söz adamlarına qarşı göstərilən dövlət qayğısı ölkəmiz müstəqillik qazandıqdan sonra da davam etdirilmişdir.

Xalide Polad – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

“Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.” – Heydər Əliyev

Niyazi respublikamızda da, keçmiş Sovet İttifaqında da, dünyanın ən böyük ölkələrində də tanınan, sayılan, hörmət qazanmış bir sənət ustasıdır. Niyazinin ən böyük xidməti bundan ibarətdir ki, o, həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, Azərbaycanın mədəniyyətinə, milli musiqimizə böyük töhfələr vermişdir.  O, həm fitri istedadına görə, həm musiqi sənətində xüsusi üslubuna görə, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa bəstəkarlardan, dirijorlardan seçilirdi. Başqa sözlə desək, onun özünəməxsus dəst-xətti vardı. Bu da onu nəinki fərqləndirirdi, həm də qeyri-adiliyini göstərirdi. Bu qeyri-adilik onun yalnız və yalnız böyük bəstəkar, böyük dirijor, böyük musiqiçi olduğuna dəlalət edirdi.

Ümummilli lider Heydər Əliyev 1994-cü ilin 18 sentyabrnda böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında çıxışında bu fikirləri səsləndirmişdir.

“Azarbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”

“Mən bu gün bu evə gələrkən binanın qarşısında uşaqları gördüm. Onlar milli geyimdə və xoş əhval-ruhiyyədə idilər. Azərbaycanın gələcəyi olan bu uşaqlar Niyazini görməsələr də onun musiqisinin pərəstişkarlarıdır. Buna görə də onlar Niyazini qəlblərində daim yaşadacaqlar. Dediyim kimi, Niyazi ilə şəxsən tanış idim, onunla dostluq edirdim. O, həyatda da qeyri-adi bir insan idi. Niyazi böyük işlər görmüş, böyük xidmətlər göstərmiş və onun xidmətləri yüksək qiymətləndirilmişdir. Niyazi Azərbaycanda ilk ən böyük dirijor idi. Özü də bir dirijor kimi tək Azərbaycanda yox, keçmiş Sovet İttifaqında, habelə bir çox ölkələrdə, dünyanın hətta ən böyük dövlətlərində – İngiltərədə də, Fransada da, Amerikada da, Türkiyədə də olduqca müvəffəqiyyətli çıxışlar etmişdir.”

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru

 

 

“Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir.” – Heydər Əliyev

Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının yeni forma, məzmun, estetik dəyərlər və ideya-məfkurə istiqamətində inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olub. Görkəmli söz ustadı zəngin ədəbi irsi və qaynar ictimai fəaliyyəti ilə mənsub olduğu xalqın milli oyanışına misilsiz töhfələrilə yadda qalıb. Yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir olaraq əbədiyaşarlıq qazanan Cəlil Məmmədquluzadə ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. O, həmçinin dünyaca məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsi, kiçik hеkayənin böyük ustadıdır. Cəlil Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Buz”, “Nigarançılıq”, “Zırrama” və b. hekayələrilə bu janrın ən sanballı nümunələrini yaradıb. Böyük dramaturqun “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər” və b. dram əsərləri isə Azərbaycan dramaturgiyasının qiymətli inciləridir. Onun böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və b. kimi obrazları dillər əzbərinə çevrilib, on illər boyu prototiplərini adlandırmağa müvəffəqiyyətlə xidmət edib. Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox böyük Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşıb, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi və nəhayət, bu satiranın “ağır artilleriyası” hesab olunan Mirzə Ələkbər Sabir kimi görkəmli nümayəndələrini əhatə edən “Molla Nəsrəddin” şeir məktəbi” meydana çıxıb. Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi.

Şərhlər

Şərh yazılmayıb.