Azərbaycan gücünü bütün dünyaya nümayiş etdirdi
Azərbaycan gücünü bütün dünyaya nümayiş etdirdi
2003-cü il oktyabrın15-də Azərbaycan xalqının etimad göstərərək Ölkə Prezidenti seçdiyi cənab İlham Əliyev həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqına söz vermişdi ki, gün gələcək Azərbaycanın bayrağı işğal altında olan torpaqların hər bir guşəsində dalğalanacaq. Möhtərəm dövlət başçımız ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyinə söz vermişdi və bu vədinə də əməl etdi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən kapitulyasiya aktını imzalamalı oldu. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam və qəti Qələbəsi ilə nəticələndi.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. “Bu hərbi parad Azərbaycan Prezidentinin 2020-ci ilin noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması barədə verdiyi qərarın da son dərəcə düzgün bir addım olduğunu təsdiq edir. Həmin vaxt Silahlı Qüvvələrimizin hissələri Xankəndinin bir addımlığında olsalar da, müharibənin davam etdirilməsi Azərbaycanın minlərlə şəhid verməsinə səbəb olacaqdı. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu şərt Ermənistanın imzaladığı kapitulyasiya aktında birbaşa cənab Prezident İlham Əliyevin tələbi ilə təsbit olunmuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çox yaxşı bilirdi ki, gün gələcək Xankəndidə, Xocalıda, Ağdərədə və bütün digər ərazilərdə də Azərbaycan Bayrağı qaldırılacaqdır. Tarix dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha göstərdi.
Cənab Ali Baş Komandan öz çıxışında Azərbaycanın öz hərbi qüdrətini durmadan artırdığını diqqətə çatdırdı və bunu nə üçün etdiyinə dair detallı açıqlamalar verdi. Ölkəmizə ordu quruculuğu prosesinin sürətləndirilməsini zəruri edən başlıca məqam Ermənistanda revanşist qüvvələrin baş qaldırmaları ilə bağlıdır. Azərbaycan dövləti Ermənistanın arxasında dayanan qüvvələrin onları ölkəmizə qarşı yenidən hərəkətə təhrik edəcəyini bilirdi. Buna görə də tarixi Qələbəmizdən dərhal sonra Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. Uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət tam Azərbaycanın nəzarətindədir. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, Qarabağ Azərbaycan torpağıdır və onlar dərhal silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarmalıdırlar. Əgər o vaxt ermənilər cənab Prezident İlham Əliyevin xəbərdarlıqlarını diqqətə alsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac olmazdı. Lakin rəsmi İrəvan yenə də öz xalqının deyil, xarici havadarlarının maraqlarına uyğun addımlar atdı və bunun da acı nəticəsini tez bir zamanda görmüş oldu.
Nailə Əliyeva Zərdab- Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Qalib Azərbaycanda Zəfər dolu günlər biri-birini əvəz edir.
Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində dünyaya səs salan daha bir möhtəşəm tədbirdə-Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak etdi. Bütün bu biri-birindən möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut edir ki, dövlətinin, xalqının gələcəyini düşünən cənab İlham Əliyev əvəzolunmaz Lider və tarixi şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında görünməsini, beynəlxalq arenada rolunun, dəyərinin yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyur. Bu, atrıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir.
Dövlət başçısı hərbi paraddakı çıxışında “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” fikirləri ilə ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini açıqladı. Əgər bu gün artıq tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağının qürurla dalğalanmasından bəhs ediriksə, unutmamalıyıq bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan rəşadətli ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan birdəfəlik qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Əfsanəvi Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti heç zaman unudulmayacaq qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan əsgər və zabiti misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi.
Üç il bundan öncə bəzi dünya güclərinin havadarlıq etdiyi yağı və hiyləgər düşmən üzərində qazanılan böyük Qələbə çoxəsrlik tariximizə yeni-yeni Zəfər səhifələrinin yazılmasını şərtləndirdi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, irəli baxmalıyıq. Təbii ki, bu çağırış bütün sahələri əhatə edir. Əgər Azərbaycan 1993-2020-ci illərdə işğal altında olan torpaqlarının azad edilməsini qarşısına əsas hədəf kimi qoymuşdusa, son üç ilin reallıqları dövrün çağırışlarına uyğun olaraq yeni vəzifələrin yerinə yetirildiyini nümayiş etdirir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Xankəndi paradı bir daha sübut etdi ki, heç kim bizimlə təhdid, diktə dilində danışa bilməz
Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə dünyanın diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin bir günlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sonsuz xoşbəxtlikdir ki, artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq. Noyabrın 8-də Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsinin xoşbəxtliyi hər bir azərbaycanlının dilində yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna ifadə edilən minnətdarlıq hissində özünün aydın ifadəsini tapır.
O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır” fikirlərinə yönəldərək bildirib ki, dövlətimizin hər bir addımının arxasında Azərbaycanın bugününə və gələcəyinə xidmət edən məqsəd dayanır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olmaqla yanaşı, həm də bu sənədə uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının bir güllə belə atılmadan geri qaytarılmasını şərtləndirdi. Təbii ki, Azərbaycan Ordusu o zaman bütün ərazilərimizi azad etmək üçün kifayət qədər böyük gücə, potensiala malik idi. 44 gündə 30 ilin işğalına son qoyulması bunun bariz nümunəsidir. Hər gün irəli gedən, döyüş ruhu, torpaq, Vətən sevgisi ilə dünyanı heyran edən Azərbaycan əsgəri və zabiti üzərinə düşən missiyanı sonadək şərəflə yerinə yetimək iqtidarında idi. Lakin unutmamalıyıq ki, o zaman müharibənin davam etdirilməsi böyük insan itkisi, şəhidlərimizin sayının daha da artması ilə nəticələnərdi. Bu məqamı dövlət başçısı İlham Əliyev də xüsusi qeyd etmişdir ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Qarabağlı və Şərqi Zəngəzurlu bütöv Azərbaycanın qarşısında daha geniş üfiqlər açılır
Dövlətimizin xarici siyasətinin əsas prinsiplərindən biri heç bir ölkənin daxili işinə müdaxilə etməmək və eyni zamanda öz daxili işinə müdaxiləyə imkan verməməkdir. Bu fikrin doğruluğuna əmin olmaq üçün 30 il davam edən işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə Azərbaycana göstərilən təzyiqlər fonunda dövlətimizin atdığı addımlara diqqət yetirmək kifayətdir. Həmin dövrdə müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Amma qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün və təzyiqlərə mərdliklə sinə gərdi, müharibənin hansı şərtlər daxilində dayandırıla biləcəyini bəyan etdi. Azərbaycan Ordusu sona qədər döyüşləri davam etdirdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövründə də bütün çıxışlarının mahiyyətində Ermənistana və havadarlarına ciddi mesajları ilə diqqətdə olur. Prezident İlham Əliyev Xankəndidən Ermənistana və onun havadarlarına növbəti mesajını ünvanladı: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik.”
Hər günümüzün tariximizə uğur, zəfər səhifəsi kimi yazılması, verilən vədlərin reallıqda öz əksini tapması gələcəyə doğru daha böyük inamla addımlamağa stimul verir. Qarabağlı və Şərqi Zəngəzurlu bütöv Azərbaycanın qarşısında daha geniş üfiqlər açılır.
Gülnaz Məmmədova – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Xankəndi şəhərində keçirilən hərbi parad tarixi əhəmiyyət kəsb edir
2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsi möhtəşəm Zəfərimizin əldə olunması ilə nəticələndi. Müzəffər Ordumuzun göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış Qələbə Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Ermənistan ordusunun hərbi qulluqçularının döyüş meydanından qaçması, düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi. Nəticə etibarilə, Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistan üçtərəfli 10 noyabr Bəyanatını imzalayarkən Qarabağdan çıxmasını üzərinə vəzifə olaraq götürdü, ancaq, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticədə cari ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi.Qarabağda yaradılmış qondarma separatçı rejim ləğv olundu, Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm Ermənistana, həm də ermənilərin bütün dünyada olan havadarlarına daha bir ciddi mesaj oldu. Bu hərbi parad bir daha təsdiq etmiş oldu ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə düzgün və effektli olub.
Prezident İlham Əliyev 20 il bundan əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək və bir gün Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq.Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda vədigər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza böyük fəxarət hissi yaşadır.
Xankəndi şəhərində keçirilən paradda etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir.”
Dövlətimizin başçısı çıxışında işğal dövründə Ermənistanın destruktiv mövqeyi, sülhə maraqlı olmaması barədə fikirlərini ifadə edib və deyib ki, Azərbaycan tərəfinın çağırışlarına əməl edilsəydi müharibəyə ehtiyac qalmazdı.Cənab Prezident çıxışında 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğunun davam etdirildiyini vurğulayıb:”İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq”.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Ordumuzun döyüş təcrübəsi və taktikası dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya 44 günlük müharibədə Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini deyil, “yenilməz erməni” mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi darmadağın edildi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş qalib Orduya çevrilib. Azərbaycan Ordusu döyüş hazırlığına görə dünyada ön sıralarda gedir. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı zamanı XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı. Vətən müharibəsində qazandığımız şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığının və vətənpərvərliyinin dayandığını önə çəkən dövlət başçısı İlham Əliyevin bu sözləri ordumuzun rəşadətinə verilən ən yüksək qiymətdir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Vətən müharibəsində şanlı Qələbəmizi təmin edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- sentyabrın 27-si Anım Günü, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix- 8 Noyabr Zəfər Günü kimi təsis edilib. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi prioritet məsələlərdəndir. Bir mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünün və iradəsinin şahidi olur.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Əslində, Azərbaycanın illərdir bu problemin qan tökülmədən həllini tapmağa çalışdığını hər kəs bilir
Cənubi Qafqazda yerləşən və müxtəlif dövrlərdə etnik zəmində müharibələrə meydan olan Qarabağ bölgəsi və ona bitişik ərazilər 1990-cı illərdə baş verən müharibə nəticəsində işğal olunmuşdu. Ermənilər və ermənipərəst dövlətlər tərəfindən Ermənistanın bir hissəsi kimi göstərilməyə çalışılan Qarabağ münaqişəsi həm regional sabitlik, həm də regional təhlükəsizlik baxımından böyük problemə çevrilmişdi. Bu səbəbdən Qarabağ probleminin həlli son dərəcə strateji vacib məsələ kimi Azərbaycanın qarşısında dayanmışdı. Ermənistanın təxribatlarına cavab olaraq əks-hücumla başlayan hərbi əməliyyatların Zəfərlə yekunlaşması postsovet məkanının ən qanlı və faciəli hadisələrindən biri olan münaqişəyə son qoydu. İndi Cənubi Qafqaz regionu, eləcə də türkdilli xalqların yaşadığı geniş ərazi Azərbaycanın və qardaş Türkiyənin birgə səyləri ilə özünün tarixi inkişafında yeni mərhələyə daxil olur.
Əslində, Azərbaycanın illərdir bu problemin qan tökülmədən həllini tapmağa çalışdığını hər kəs bilir. Lakin Ermənistanın təxribatçı hərəkətləri ucbatından Azərbaycanın qırmızı xətlərini pozması rəsmi Bakının nisbətən səssiz qaldığı dövrün sonunu gətirdi. “Bu hadisələr zamanı Ermənistanın atdığı iki mühüm addımı açıqlamaq lazımdır. Bunlardan birincisi, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyanın “yeni bölgələrdə yeni müharibə” bəyanatıdır. Bundan başqa, “Qarabağ müharibəsi yenidən alovlansa, o zaman Bakıda bitəcək” bəyanatı da tərəflər arasında gərginliyi artırdı. İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları oldu. “Qarabağ Ermənistandır və nöqtə!” deməklə erməni baş nazir Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirmiş münaqişənin fitilini yandırdı. Məsuliyyətsiz, təxribatçı addım və açıqlamalar 30 illik münaqişəni qansız həll etməyə həvəsi olmayan Ermənistan rəhbərliyinin və havadarlarının niyyəti aydınlaşdı. Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalçı ordusunu darmadağın edərək, ermənilərin yandırdıqları fitili söndürdü, işğalçılara əsrin zərbəsini endirdi. Ermənistan təslim oldu ki, bu da onun 30 ilə yaxın müddətdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin məntiqi nəticəsi idi”.
Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc
Zəfər və Zəfərimizin yekun möhürü – Xankəndi paradı
Bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı: “Ona görə misilsiz qələbədir ki, Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də son 200 ildə qondarma “Artsax” layihəsini mifik “yaradılış”ın yaradılması üçün ilkin şərt kimi bəsləyən dünya ermənilərinin “dənizdən dənizə böyük Ermənistan” layihəsini dənizdə batırdı. Eyni zamanda, Azərbaycanın Qələbəsi müasir tarixdə epoxal əhəmiyyətlidir. Çünki 30 illik münaqişənin silah gücü ilə həlli praktikasında ilk dəfə erməni təxribatına cavab olaraq Azərbaycan “Dəmir yumruq” əməliyyatını həyata keçirdi. Əks-hücumla Azərbaycan Ordusu düşməni düz çökdürdü, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən dörd qətnaməsinin tələblərini yerinə yetirmək missiyasını öz üzərinə götürərək beynəlxalq hüququ pozan Ermənistanı cəzalandırdı.
Ancaq müharibənin Ermənistanın tam məğlubiyyəti ilə başa çatmasına baxmayaraq, işğalçı ölkənin tərəfdarları Xankəndidə yuva salmış quldur rejimin qalıqlarının qorunub saxlanması üçün canfəşanlıq göstərməyə başladılar. Bu məkrli planın müəllifləri rəsmi Bakıya qarşı açıq-aşkar güclü siyasi təzyiqə əl atmaqdan da çəkinmədilər. Lakin heç bir siyasi manipulyasiyalara yol verməyəcəyini vurğulayan Azərbaycan ərazi bütövlüyünün bərpasına mane olacaq istənilən cəhdin qarşısını alacağını çəkinmədən dünyaya bəyan etdi. Belə də oldu, Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olduğunu və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadığını, əksinə, mina terroru həyata keçirdiyini, habelə digər təxribatçı fəaliyyət göstərdiyini diqqətə alan Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi. Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi. Geniş mənada bu, 200 il əvvəl Rusiya imperiyası ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində regionda əsası qoyulmuş “erməni layihəsi”nin bir hissəsinin başa çatması deməkdir”.
Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi. Zəfər Günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca, ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə Prezident İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə güc nümayişinin də, abadlıq-quruculuq işlərinin də ən mükəmməl örnəyinə müəlliflik etdiyini göstərdi. Eyni zamanda, uzun müddət hərbi xunta rejiminin yuvasına çevrilən Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Şərh yazılmayıb.