Huquqaz.com

1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır

11.06.2023
1.819
1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır

1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü höküm sürürdü. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan xalqı əminliklə müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev olduğunu, onun ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev müdriklik, uzaqgörənlik və əzmkarlığı ilə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda ulu öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Prezident  cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam: “Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək”. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin əlindədir.

Ulu öndər Heydər Əliyevin üzaqgörən və məqsədyönlü siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadiyyatı güclənib, insanlarımızın sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülüb və görülür. Dövlət başçımızın siyasəti nəticəsində Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb. Bütün sadaladıqlarım faktlar isə bizim tarixi qələbəmizi şərtləndirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident cənab İlham Əliyev bununla həm də ata vəsiyyətini gerçəkləşdirdi. Eyni zamanda, xalqımızı arzularına çatdırdı. Prezident cənab İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir. Məhz bu səbəblərdən hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən birinə çevrilir.  Bir sözlə, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir. Ulu öndər Heydər Əliyev daim azərbaycanlıların qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcəkdir. Və bütün ömrünü xalqına bəxş etmiş ulu öndər Heydər Əliyev hər zaman insanların qəlbində yaşayacaq.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra respublikada şərait tədricən müsbət istiqamətdə dəyişməyə başladı. Artıq həmin dövrdən başlayaraq digər sahələrdə olduğu kimi, Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına təkan verildi, dövlət idarəçiliyində yeni, mükəmməl və səmərəli metodlar tətbiq olunmağa başladı. Bu siyasi kursun əsas qayəsi ilk növbədə  iqtisadi imkanların əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilməsi, onun elmi potensialının artırılması, Azərbaycanın inkişaf edən qabaqcıl respublika kimi tanıdılması idi. Bunun üçün ulu öndər Heydər Əliyev bütün çətinliklərə və maneələrə sinə gərərək şəxsi nüfuzundan və SSRİ rəhbərliyi ilə münasibətlərindən məharətlə bəhrələnərək mərkəzin müttəfiq respublikalar üçün nəzərdə tutduğu bölgüdə Azərbaycanın payını artırmağa nail oldu. Beləliklə, 1969-1982-ci illər ərzində ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycan geridə qalmış aqrar respublikadan SSRİ məkanında özünü təmin edən iki respublikadan  birinə çevrildi. “22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”, – deyən və bununla respublikamızın perspektiv müstəqilliyini proqnozlaşdıran ulu öndər Heydər Əliyev fitri istedadı, yüksək təşkilatçılıq bacarığı və siyasi uzaqgörənliyi hesabına iqtisadiyyatın inkişafına, yüksəksəviyyəli elmi biliklərə malik milli kadr potensialının formalaşmasına, rüşvətxorluq kimi neqativ meyillərlə mübarizəyə prioritet əhəmiyyət verməklə insanların əxlaqi keyfiyyətlərinin yüksəldilməsinə, sivil cəmiyyətin bərqərar olmasına böyük diqqət yetirirdi.

Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq Ermənistanın Azərbaycana qarşı gizli formalarda təzahür edən ərazi iddialarının, Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi. Dərin zəkası, müstəsna liderlik bacarığı ilə  respublikanı yumruq kimi birləşdirən Ulu Öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi. Bütün bunların nəticəsi idi ki, tarixi Azərbaycan torpaqlarında bolşeviklərin himayəsi ilə özlərinə respublika qurmuş, sonrakı dövrdə də ərazilərimizi qoparmağa, soydaşlarımızın tarixi vətənlərindən növbəti deportasiyasına nail olmuş ermənilərin ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra əli boşda, niyyətləri gözlərində qalmışdı. Ulu Öndərin Qarabağda erməni separatizminə qarşı mübarizəsi düşünülmüş, milli maraqları əks etdirən siyasətə əsaslanırdı. Ulu öndər Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində gizli fəaliyyətlərindən xəbərdar olmuş, onlara qarşı lazımi tədbirlər görülməsi üçün ciddi təşəbbüslər göstərmişdi. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası məhz Ümummilli Lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən sonra baş qaldırmışdı. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən ovaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Müstəqilliyin ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə

1990-cı illərin əvvəllərində Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi böhran, hakimiyyətdə olan rəhbərliyin  qorxaqlığı, həmçinin cəbhəçilərin təxribatçı davranışları Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən və ən cəsarətli, dəqiq və obyektiv siyasi qiyməti verən də ulu öndər Heydər Əliyev oldu. Onun bəyanatından ruhlanan Azərbaycan xalqının milli azadlıq hərəkatı geniş vüsət aldı. Bu gün Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdədir ki, əgər həmin dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ölkə müstəqilliyinin ilk illərində böhran yaşayardı. Təəssüf ki, biz bu tarixi şansdan yararlana bilmədik və bunun acı nəticələrini gördük. Xilaskar kimi Ulu Öndəri hakimiyyətdə görmək arzusu ilə yaşayan xalqın iradəsinə zidd olaraq hər vəchlə ulu öndər Heydər Əliyevin Moskvadan Bakıya gəlməsinə mərkəzi hakimiyyət, Bakıda qalmasına isə milli xəyanətkarlar imkan vermirdilər. Amma ulu öndər Heydər Əliyev belə bir mürəkkəb şəraitdə dağılmaqda olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb  Vətənin harayına yetişdi. 20 iyul 1990-cı ildə Bakıya gələn ulu öndər Heydər Əliyev burada da təhdidlərlə üzləşdiyinə görə iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Ulu öndər Heydər Əliyev fəaliyyətinin bu dönəmində ən çətin məqamlarda əsl liderlərə məxsus fövqəladə və bənzərsiz üstün keyfiyyətlərini ortaya qoyaraq yüksək-səviyyəli dövlətçilik və idarəçilik  nümunələri ilə böyük dövlətlərin diqqətini Naxçıvanın problemlərinə cəlb etməyə nail oldu. Həmin ərəfədə Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasına qarşı irimiqyaslı təcavüzə başlaması daxili vəziyyəti olduqca gərginləşdirirdi. Bakıda siyasi qüvvələrin başının hakimiyyət uğrunda mübarizəyə qarışdığı bir vaxtda Naxçıvanın müdafiəsinin təşkili bütünlüklə ulu öndər Heydər Əliyevin üzərinə düşmüşdü.   Çətin və mürəkkəb proseslərlə müşayiət olunan həmin məqamlarda ulu öndər Heydər Əliyevin Naxçıvanı işğal təhlükəsindən xilas etmək üçün atdığı təşkilati, siyasi və diplomatik addımların çox mühüm əhəmiyyəti olmuşdur.

1991-ci ilin oktyabrında SSRİ-nin dağılması ilə formal olaraq müstəqilliyini bərpa etmiş Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, o dövrdə daxildəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar isə əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. 1992-ci ilin yaz aylarından genişlənən daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Nəticədə AXC-Müsavat cütlüyü Qarabağ kartından istifadə etməklə meydan hərakatının dalğası üzərində hakimiyyəti zəbt etdi. 1992-ci ilin oktyabrında bir qrup ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyası yaradıldı. Sonrakı hadisələr isə sübut etdi ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın yaradılması Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biridır. Müxalifət partiyası kimi siyasi səhnəyə çıxmış YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək Azərbaycanın inkişafinin ideoloji sütununa çevrildi və Azərbaycan xalqının iradəsi əsasında ölkəmizin həyatında tamamilə yeni mərhələnin başlanmasına ideoloji zəmin yaratdı.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır

1992-1993-cü illərdə AXC-Müsavat  siyasi tandeminin siması bir il ərzində hakimiyyətdə olduğu zaman bəlli oldu. Cəbhəçilər ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental nailiyyətləri qısa müddətdə  məhv etdilər, sərvətlər talan edildi, işbazlar tərəfindən xaricə satıldı. Ölkənin maliyyə imkanları tamamıilə tükəndi. 1992-1993-cü illərdə inflyasiya 1100-1200 faiz arasında dəyişirdi. Ümumiyyətlə, o dövrdə ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. Qarabağ məsələsi isə milli maraqlar çərçivəsindən çıxaraq  şəxsi mənafe predmetinə çevrildi. 1992-ci ilin mayında Şuşa, ardınca Laçın rayonu işğal olunduqdan sonra Qarabağ faktiki olaraq Ermənistanla birləşdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində hərbçilərlə görüşərkən etdiyi çıxışda AXC-Müsavat cütlüyünün xəyanətkar mahiyyətini bir daha ifşa edərək onu   səciyyələndirən məqamlarla bağlı belə demişdir: “…Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar…Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər”.

Hadisələrin bu yöndə inkişafı sonda öz məntiqi nəticəsini verdi. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri Azərbaycanı vətəndaş müharibəsinə sürüklədi. Bundan sonra xalq yeganə çıxış yolu kimi ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunmasında gördü. Ulu öndər Heydər Əliyev tarixi zərurəti düzgün dəyərləndirərək xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda  Ulu Öndər həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı. Gəncə qiyamı ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi zaman problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, -söyləyərək xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.