Huquqaz.com

Gürcüstana işgüzar səfər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

26.10.2022
2.297
Gürcüstana işgüzar səfər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək.

Bu gün ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. İki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin doxsanıncı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət – Azərbaycan, Türkiyə və Gürcüstan birgə səylərlə reallaşdırıblar. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur. Ölkələrimiz üzərindən Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutu keçir. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Gürcüstanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb.

Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı deyib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir. Dövlətimizin başçısı, eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunması istiqamətində önəmli bir platforma ola bilər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. O deyib ki, bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir. Bu münasibətlərin daha da genişləndirilməsi perspektivləri böyükdür.

 

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.