Hacıbəy Heydərli: “Cəmiyyətdə nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlərin adından yayılan yalan xəbərləri qətiyyətlə pisləyirik”
Son zamanlar sosial şəbəkələrdə nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlərin adından saxta statuslar, “fake” məlumatlar, dezinformasiyalar yayılır. Maraqlıdır ki, bəzi sosial şəbəkə hesabları, səhifələr artıq bu cür yalan məlumat yaymaqla “ixtasaslaşıb”. Məsələnin acınacaqlı tərəfi isə ondan ibarətdir ki, cəmiyyətdə bu açıqlamaların doğru olduğuna inanan şəxslərin də sayı yetərincədir və onlar bu statusları fakt kimi qəbul edib, müzakirələr aparır.
Huquqaz.com xəbər verir ki, bunu Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının rəhbəri Hacıbəy Heydərli bildirib.
“Son olaraq REAL TV-nin rəhbəri Mirşahin Ağayev adından bu cür saxta məlumat yayılıb və bildirilib ki, o “sosial şəbəkələrin bağlanması ilə bağlı müraciət edib”. Ancaq kiçik araşdırma zamanı məlum olub ki, telejurnalist bu haqda heç bir yerdə danışmayıb, bu ona qarşı şüurlu şəkildə həyata keçirilmiş qara PR kampaniyasıdır və birbaşa işgüzar nüfuzuna xələl vurmaq niyyəti güdür. Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası olaraq cəmiyyətdə nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlərin adından yayılan yalan xəbərləri qətiyyətlə pisləyirik və bu cür çirkin kampaniyaları qəbuledilməz hesab edirik. Cəmiyyətdə media savadlılığının artırılması və bu cür saxta, yalan xəbərlərlərə qarşı mübarizənin aparılmasını dəstəkləyirik”, – H.Heydərli qeyd edib.
Şərh yazılmayıb.