Huquqaz.com

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi

21.01.2025
2.780
Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur.

Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar. Bu münasibətlər çərçivəsində müvəqqəti ittifaqlar da yaranmış, zaman-zaman hərbi qarşıdurma səviyyəsinə gəlib çatmış ixtilaf və münaqişələr də meydana çıxmışdır. XIX əsrdə Şimali Azərbaycanın və Gürcüstanın əraziləri Rusiya imperiyası tərəfindən ilhaq edildikdən sonra iki xalq arasında münasibətlər öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 1880-ci ildə Tiflis quberniyasının bir hissəsində əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Borçalı qəzası təşkil edilmişdi. XX əsrin əvvəllərində Azərbaycan-Gürcüstan ictimai-siyasi əlaqələri dirçəliş dövrünü yaşamışdır.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar.

İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir.

Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə əsas amillərdən biri də qonşu ölkələrlə münasibətləri daha da inkişaf etdirməkdir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir.

Azərbaycan regionda mehriban qonşuluğun və sülhün tərəfdarıdır. Ölkəmiz Cənubi Qafqazda bu prinsiplərin fonunda birgə yaşayışı, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsini təşviq edir. Rəsmi Bakı illərdir bu dəyişməz və prinsipial mövqeyini nümayiş etdirir.  Məhz bu gün uğurla davam edən və digər ölkələr üçün nümunə olan Azərbaycan- Gürcüstan münasibətləri qeyd olunanların təsdiqidir.

Azərbaycanın Gürcüstanla əlaqələri  iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı hörmət və ehtiram üzərində qurulan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də arzulanan səviyyədədir. Ölkələrimiz arasında  mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr nikbinlik doğurur.

Yanvarın 17-də Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəmizin başçısı arasında keçirilən görüşlər, səsləndirilən bəyanatlar mühüm məqamlarla yadda qaldı. Prezident cənab İlham Əliyev Gürcüstan Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk dəfə olaraq məhz Azərbaycana gəlməsi Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu xoş ənənə bu gün də davam edir.

Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr nümunəvidir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Paralel olaraq birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bununla yanaşı, Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin əhəmiyyətinə  toxunaraq vurğuladı ki, Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Baş nazir iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının əhəmiyyətindən danışaraq bildirdi ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Dostluğumuzun tarixi ənənələrinin olduğunu qeyd edən İrakli Kobaxidze xüsusi olaraq bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş və qardaş ölkədir, biz Asiyanı Avropa ilə birləşdiririk. Bu potensialdan maksimal dərəcədə istifadə etməyin vacibliyini qeyd edən Baş nazir daha irəli getmək üçün əlavə səylər göstərməyə hazır olduğunu bildirdi.

Azərbaycan-Gürcüstan münasibətlərinin təhlili onu göstərir ki, ölkəmiz regionda sabitliyin, tərəqqinin təminatçısı, dünya üçün qonşuluq örnəyidir. Ermənistan hikkəsini, revanşist davranışlarını  bir yana qoyub bölgənin inkişafını nəzərdən keçirməlidir. Bu, həm də bataqlıqda çabalanan Ermənistanın xilası ola bilər.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.