Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür
Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.
Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin bu il sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd edib, iki dövlət arasında müvafiq bəyannamənin təqribən 10 il əvvəl qəbul edidiyini bildirib. “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.Gerçəkdən də İtaliya və Azərbaycanın münasibətləri Azərbaycanla bəzi Avropa dövlətlərinin münasibətlərindən fərqlənir. İtaliya Azərbaycandan çox şey uman, ona qarşı saysız iradlarla çıxış edən, haqqını danan ölkələrdən deyil və qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa, ticarətə üstünlük verir. Elə ona görədir ki, Prezidentin də dediyi kimi, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ölkəmiz İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Ötən il İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub və bu, özlüyündə olduqca ciddi rəqəmdir. Həm də bu son hədd deyil. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu kəmər Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın dövlət başçısı sözügedən çıxışı zamanı qeyd edib ki, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Avropa dövlətlərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvadan neft və qaz məhsulları ala bilməməsi, daha dəqiqi, ona tətbiq etdiyi sanksiyalara müvafiq resursları almaq istəməməsi üzündən Azərbaycan Avropa üçün xilasedici kəmər rolunu oynayır. Eyni zamanda enerji tərəfdaşlığı amili Fransa və digər dövlətlərin ermənifil siyasəti üzündən Azərbaycanı şərləyib təkləmək istəmələri də baş tutmur. Yəni Azərbaycanın təbii resurslar bu ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gətirir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, İtaliya ilə Azərbaycanın ikitərəfli əlaqələri enerji və ticarətlə məhdudlaşmır. “Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapiensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”. Ümumilikdə götürsək, ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın qlobal arenada yeritdiyi siyasət dünya birliyi tərəfindən müsbət qarşılanır. Azərbaycan müxtəlif aktorlar arasında körpülər qurmağa çalışır, hər zaman əməkdaşlıq və tərəfdaşlıqdan yana çıxış edir. Ölkəmizin 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyi müsbət nəticələr verib. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycan yaxşı nəticələr hasil edə biləcək ölkədir. “Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır”.
Zərdab Rayon Gənclər və İdman sektorunun əməkdaşı Əvəz Soltanov
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.
Ötən 4 il ərzində Azərbaycanın BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılmışdır. Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən “Bandunq Prinsipləri”nin təşviqinə uyğun siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada xüsusilə inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi siyasəti” və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar. Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. Hazırda Hərəkatın Qadın və Media platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilmiş, onların şəbəkələşməsi istiqamətində ilk addım atılmışdır. Azərbaycanın sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa da öz dəyərli töhfəsini verib. Ötən 4 il ərzində Hərəkata üzv dövlətlərin əmək, səhiyyə, təhsil və informasiya və kommunikasiya sahəsinə cavabdeh nazirlərinin görüşləri keçirilib. Əksəriyyətini inkişaf etməkdə olan dövlətlərin təşkil etdiyi Qoşulmama Hərəkatı çərçivəsində dayanıqlı iqtisadi inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi üçün cari ilin sentyabr ayında, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 9 ildən sonra ilk dəfə Azərbaycan və Kubanın həmsədrliyi ilə Qoşulmama Hərəkatı və Qrup-77-nin Birgə Əlaqələndirmə Komitəsinin iclası keçirilib. Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.
Zərdab Rayon Gənclər və İdman sektorunun əməkdaşı Ehtiram Osmanov
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd 2020-ci ildə imzalanmışdır və bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir. Əlbəttə ki, Avropanın ən böyük iqtisadiyyata malik olan ölkələrindən olan İtaliya ilə əməkdaşlıq əlaqələrini genişləndirmək Azərbaycan üçün olduqca önəmlidir. Digər tərəfdən isə Avropa İttifaqının hazırda qarşılaşdığı böhran vəziyyətində Azərbaycanın da Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır. Xatırlatmaq yerinə düşər ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında İtaliyanın Azərbaycanla qurduğu əməkdaşlıq münasibətlərinin digər Avropa ölkələri üçün də əsl örnək ola biləcəyini dəfələrlə qeyd etmişdir.
İlk növbədə qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin 50-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təsdiqidir.
Çıxışda Azərbaycan-İtaliya əməkdaşlıq münasibətlərinin strateji istiqamətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycanın xarici siyasətində müəyyən edilmiş prioritetlər və bir sıra digər önəmli məsələlər barədə dolğun açıqlamalar, ətraflı təhlillər öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hazırda İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bu gün Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, əməkdaşlığın mühüm sahəsini təşkil edir. Aydındır ki, ölkəmizin mövcud olduğu Cənubi Qafqaz regionunda formalaşmış geosiyasi vəziyyət və bu vəziyyətin perspektivdə hansı istiqamətlərdə dəyişə biləcəyi ehtimalları Avropa İttifaqı üçün önəmli məsələlərdəndir. Avropa enerji resurslarının dayanıqlı idxalı üçün Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Azərbaycan Prezidentinin öz çıxışında səsləndirdiyi fikirlər Avropa ictimaiyyəti üçün çox vacibdir.
Zərdab rayon Şəftəhal kənd tam orta məktəbin tarix müəllimi Səriyyə Muradova
Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək.
Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Dünyanın ən böyük beynəlxalq konfransı – COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. Əslində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır. Konfrans həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. COP tədbirlərinin ev sahibi ölkələrinin müəyyən edilməsi əsasən dövlətlərin BMT-də üzv olduqları coğrafi qruplara əsaslanır. Həmin ardıcıllıqla ev sahibi ölkələr müəyyənləşdirilirlər. Adətən ev sahibi olan ölkə COP tədbirinə ev sahibliyi edəcəyini 24 aya yaxın müddət ərzində bilir. Tədbirə hazırlıq üçün kifayət qədər geniş vaxtı olur. Seçim şərtlərinin sərtləşməsi və mürəkkəb regionda yer almağımız səbəbindən tədbirin təşkili üçün 11 aydan daha az müddətə sahib olduq. Qısa müddətdə hazırlıq prosesini başa çatdırmaq üçün tərəflərlə birgə səylərimizi davam etdiririk. Tədbirin təşkilati məsələlərinin həll edilməsi ilə bağlı COP29 Sədrliyinin ofisi formalaşdırılıb, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti də təsis edilib. Bakı Olimpiya Stadionu əsas tədbir məkanı olaraq seçilib. COP29 tədbirlərinin Bakı Olimpiya Stadionu ilə yanaşı, digər məkanlarda da keçirilməsi istisna olunmur. Tədbir ərazisi iki zonadan ibarətdir. Bunlardan biri BMT üçün nəzərdə tutulan mavi zona, digəri isə iqlim ictimaiyyəti və şirkətlərin cəlb olunacağı yaşıl zonadır. Tədbir noyabrın ayında keçiriləcək. Bundan öncə Azərbaycan oktyabrın 10-11-də PreCOP adlanan tədbirə ev sahibliyi edəcək. Buraya da COP29-da tərəf qismində iştirak edəcək ölkələrin ekologiya nazirləri qatılacaq və tədbirin gündəliyi, o cümlədən qarşıda duran məsələlər müzakirə olunacaq. COP tədbirləri zamanı müzakirələrin daha effektiv təşkil olunması üçün tematik deyilən günlərdən istifadə olunur. Bu il də 7 tematik gün müəyyən olunub. COP29 zamanı keçiriləcək bütün tədbirlər, məsləhətləşmələr, danışıqlar həmin günlərdə müvafiq qaydada qruplaşdırılacaq. COP29 çərçivəsində 12-13 noyabrda Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulub. Bu, BMT-nin Baş Assambleyasından sonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbirdir və mahiyyət etibarilə də bütün dünya ictimaiyyətinin diqqətində olur.
COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Həmin təşəbbüslərin müəyyən olunması zamanı da dünya ictimaiyyətinin gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqətə yetirilib. Builki COP-un əsas mövzusu iqlim maliyyələşməsinin təmin olunmasıdır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub.
Cənubi Qafqazın ən güclü, modern dövləti olan Azərbaycan müxtəlif qitələrdə yerləşən dünyanın bir sıra dövlətləri ilə qarşılıqlı sıx əlaqələr bağlayır. Müstəqilliyimizin ilk illərindən İtaliya ilə olan münasibətlərimiz günümüzə qədər yüksək inkişaf dinamikası ilə davam etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ötən həftə olan səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında olan münasibətlərin gələcək illərdə də şaxələnməsini, səmimi tərəfdaşlıq, dostluq formatında davam edəcəyini söyləməyə imkan verir. Müstəqilllik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları investisiya yatırması uğurlu əməkdaşlığımızın bariz göstəricisidir. Təkcə onu söyləmək kifayətdir ki, Azərbaycanda tikinti, sənaye, rabitə, kənd təsərrüfatı kimi vacib sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə bodratçı kimi çıxış edirlər. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Ötən il iki ölkə arasında olan ticarət dövriyyəsi 16 milyard ABŞ dolları dəyərində olmuşdur. Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan bu gün təkcə Qafqaz üçün yox Avropa üçün də mühüm əhəmiyyət kəsb edir. Elə, bu, səbəbdən İtaliya-Azərbaycan münasibətlərinə əks mövqe tutan, erməni lobbisinin təsiri ilə çıxış edən Fransa kimi dövlətlərin ölkəmizə qarşı olan mövqeyi nəyinki uğur qazana bilmir, əks effekt ilə Avropada ölkəmizə olan marağı daha da artırır. Bu gün İtaliya – Azərbaycan əlaqələri digər Avropa ölkələri üçün çox gözəl bir nümunə modelidir. Cənab prezident öz uzaqgörənliyi ilə bu münasibətləri bütün Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcək səviyyəyə qaldırmışdır. Hər bir azərbaycanlı kimi məndə əminəm ki, bu münasibətlər inkişaf edən xətt ilə davam edəcəkdir.
Zərdab Rayon Əlvənd kənd tam orta məktəbin direktoru Elvin Xəlilov
Şərh yazılmayıb.