Huquqaz.com

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı

31.07.2024
3.340
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.  Azərbaycan  xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlara  diqqət yetirdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan dilinin saflığının qorunması, dilimizin dünya dil qrupları arasında mövqeyinin möhkəmləndirilməsi daim əsas məsələ kimi öndə olub və bu istiqamətdə görülən işlər davamlılığı ilə diqqət çəkir.
Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. Ulu öndər Heydər Əliyev  dövlət dilinin  yeni inkişaf dönəmində  yaranmış vəziyyəti nəzərə alaraq  2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə  müstəqil Azərbaycan dövlətinin  dil siyasətinin  müəyyənləşdirliməsi, formalaşması və möhkəmləndirilməsi  baxımından  müstəsna əhəmiyyət  daşıyan bu tarixi Fərman  dövlət dili  il bağlı  hərtərəfli və geniş  məlumatları özündə ehtiva edir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması isə dilimizin inkişafı və təqdimatı üçün daha geniş imkanlar yaratdı. Belə ki,  hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2001-ci ildən  başlayaraq hər il  bu tarixi günün qeyd olunması Azərbaycan dilinin qorunması istiqamətində atılan addımların heabatının təqdimatında mühüm rol oynayır. Eyni zamanda, bu bayram günündə ötən dövrün nəticələri əsasında qarşıda illərin prioritetləri müyyənləşdirilir,  görüləcək işlərin anonsu verilir. Dilimiz milli sərvətimizdir. Onun yad təsirlərdən qorunması və inkişaf etdirilməsi, tətbiqi sahəsinin genişləndirilməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Dil ünsüyyət vasitəsi olaraq dövlətləri, xalqları biri-birinə yaxınlaşdırır.
Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının  qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı  tədbirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası dilimizin saflığının qorunmasına  böyük töhfələr verir. Təbii ki, hər bir sənədin uğurlu icrası  zamanın tələbinə uyğun olaraq yeni təkmilləşmənin həyata keçirlməsi üçün növbəti Fərman və Sərəncamın imzalanmasını zərurətə çevirir. Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu Qələbəmiz bütün sahələrdə təkmilləşmələrə, yeni sənədlərin imzalanmasına yol açır.
Qısa təhlil əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağıran ulu öndər Heydər Əliyevin düşünülmüş  siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi özünü tarixi Zəfərimizdə  nümayiş etdirdi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı da öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. “Millətin milliliyini saxlayan onun dilidir” ,- deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il 1 avqustun tarixini xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir.
O, Azərbaycan xalqının əsrlərə söykənən təcrübəsindən, sınaqlarından keçən adət-ənənələri yaşatmağa çalışmışdır.
Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmdə  Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Ulu Öndərin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Prezident İlham Əliyevin bu sahədəki siyasəti bütövlükdə 1993-cü ildən bu yana yürüdülən dil siyasətinin ayrılmaz tərkib hissəsi və məntiqi davamıdır. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana  dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidir.
Ölkəmiz SSRİ-nin tərkibində olduğu ilk dövrlərdə  Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait və imkanlar yaradılmamışdı. Lakin ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan ulu öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdı. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur. Ancaq Ümummilli Liderin səyləri nəticəsində 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ümummilli Lider ana dilinin saflığının qorunmasına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi.
Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı da öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Çünki xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Məhz bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkib gətirən, ümummilli hədəflərin müzakirəsinə toplayan da ana dilimizə olan sevgi və qırılmaz bağlılıqdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir

Ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu Fərmanın imzalanması Azərbaycanın dil tarixində mühüm hadisədir. Ümumiyyətlə, ana dili hər bir xalqın mənliyinin əsasını təşkil edir. Ulu Öndər deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
Ulu öndər Heydər Əliyevin sovet dövründə ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi öz nəticəsini verdi. Belə ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verib və bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ulu Öndər davamlı olaraq Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Ölkədə dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Bir sözlə, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarıbdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Hər bir xalqın milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir və dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Ana dilimizlə bağlı qəbul edilən qanunvericilik aktları

Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.
Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalanıb. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb

XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişaf edərək dövlət dilinə çevrilməsi və diplomatiya aləminə yol açması hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin inkişafı, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi də birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Ulu Öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi.
Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və layiqli davamçısı Prezident İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlayır, müasir dövrdə dilçiliyimizə böyük qayğı ilə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilib.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunub. Nəhayət xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxıb. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir. 2001-ci ilin avqust ayında isə Azərbaycan dili dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirilərək, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Sirr deyil ki, dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən faktor da onun dilidir. Bu mənada, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Tariximiz sübut edir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də, bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu olaraq uzun müddət mövcud ola bilməyib. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu və ulu öndər Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi rasional dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili ilə bağlı konkret maddənin öz əksini tapması ana dilimizin inkişafı və qorunması işini daha da gücləndirdi. Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi üçün 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Eyni zamanda, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun da qəbul edilmişdi.
Ulu öndər Heydər Əliyevin 44 il öncə irəli sürdüyü təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin öz əksini tapması, bununla da Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ulu Öndər bu yolla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu. “Heç şübhəsiz ki, həmin dövrdə keçmiş SSRİ respublikalarda milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Hətta, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, ümumilikdə xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Məhz, dahi şəxsiyyət Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi nəticəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ulu öndər Heydər Əliyev ana dilimizin qorunması istiqamətində müstəsna xidmətlər göstərib

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ana dilimizin qorunmasında, inkşaf etdirilməsində böyük cəsarət və qətiyyət nümayiş etdirərək müstəsna xidmətlər göstərib. 1970-ci illərin ortalarından başlayaraq, SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gəlsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli respublikaların rəhbərləri bu məsələni gündəmə gətirməkdə aciz idilər. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoydu. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyev məruzə ilə çıxış edərək 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi verilməsini təklif etdi. Ümummilli Liderimizin qətiyyətli, dönməz və ardıcıl mübarizəsi öz bəhrəsini verdi. Belə ki, 1978-ci il aprel ayının 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin bu təklifi və təşəbbüsü əks olundu.
Ulu öndər Heydər Əliyev növbəti dövrlərdə də Azərbaycan dilinin işlənməsi, inkişaf etdirilməsi və qorunması məsələlərini xüsusi diqqətdə saxlayıb. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümummilli Liderin dövlət dili sahəsindəki mövcud problemlərin həllinə xidmət edən siyasətinin davamı olaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıbdır. Müvafiq Fərmana uyğun olaraq Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Bundan başqa, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı Ulu Öndərimizin Azərbaycan dilinə verdiyi böyük dəyərin göstəricisidir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bundan başqa ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində bir çox addımlar atıb: “Bu addımlara misal olaraq, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilib, milli dildə nəşr edilən kitabların tirajlarının sayı artırılıb.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Son illərdə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib

Ana dili hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biridir. Dil sosial hadisə olduğuna görə hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən mühüm göstəricisi kimi də qəbul olunur. Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun mənsub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.
Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.
Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Dilçilik İnstitutunda Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək istiqamətində bir sıra işlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə də Azərbaycan dili ilə bağlı iki mühüm dövlət sənədinə imza atıb. Onlardan birincisi “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamdır. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” 2018-ci 1 noyabr tarixli Fərmanıdır. Fərmana əsasən, reklam daşıyıcılarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Qeyd olunan bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışmağa əsas verir. Söz yox ki, ana dilimiz haqqında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini etibarlı şəkildə təmin edir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ana dili qorumağa borclu olduğumuz dəyərdir

Hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun dilidir. Ana dili milli sərvət, xalqın milli kimliyinin göstəricisidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır. Tarixboyu istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub.
Bu sözlərin ölkənin birinci şəxsinin dilindən səslənməsi ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoydu. Bu çıxış əslində, Ulu Öndərin respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı mesajı idi. Bu fikrində qətiyyətli olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazıldı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.
Sovet dönəmində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə doğma dilimiz hakim mövqedə deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi o dövrün dövlət siyasəti üçün prioritet hesab olunmurdu. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkə həyatının bütün sahələrində ciddi dönüş yarandığı kimi, Azərbaycan dilinə münasibət də əsaslı şəkildə dəyişdi. Ümummilli Lider Azərbaycan dilinin dövlət orqanlarında tətbiq dairəsini genişləndirməyə başladı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu qazanması üçün səylər göstərdi.
1969-cu ildə Azərbaycanın yeni lideri indiki Bakı Dövlət Universitetinin yubiley tədbirində ittifaqın hər yerindən, həmçinin xarici ölkələrdən olan qonaqların qarşısında doğma ana dilində çıxış etdi. Ulu Öndər o günə qədər formalaşmış olan standartları ilk dəfə pozdu. Bu münasibətlə onu təbrik edənlərə isə dahi rəhbər Heydər Əliyevin cavabı belə oldu: “Burada qeyri-adi heç nə yoxdur, nahaq təəccüb edirsiniz. Bu, mənim ana dilimdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”. Hətta yazıçılardan birinin ona “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deməsinə Heydər Əliyev belə cavab verir ki, “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Ən gözəl şeirlərin, ən həzin nəğmələrin, bayatıların dilidir Azərbaycan dili

Ana dilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edilir. Bu Fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Beləliklə müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyərə malik daha bir gün əlavə edildi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Bu Qanun dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Prezidentin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurlu davamının bariz nümunəsi idi.
“Ulu Öndərin vaxtilə söylədiyi, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” fikri bu gün vəzifəsindən, statusundan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün nümunə olmalıdır. Uşaqdan böyüyə hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün hər kəs çalışmalıdır. Emin Sabitoğlunun məşhur “Şirin dil” mahnısında da deyildiyi kimi, “Nə deyirsə yad desin, öz dilimdir şirin dil”.
Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Eyni zamanda, ölkə rəhbərinin dövlətimizin əsas atributlarından olan ana dilimizin qorunması ilə bağlı verdiyi bu sərəncamlar, heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiya idi. Bu gün Azərbaycan dilinin dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin siyasi-hüquqi təminatıdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.