Huquqaz.com

Ulu Öndər hələ sovet dönəmində Konstitusiyamızın mətninə milli-ideoloji mənsubiyyətimizə dair mühüm əlavələrin edilməsinə nail olmuşdu

13.11.2022
2.545
Ulu Öndər hələ sovet dönəmində Konstitusiyamızın mətninə milli-ideoloji mənsubiyyətimizə dair mühüm əlavələrin edilməsinə nail olmuşdu

Ötən əsrin sonlarında birbaşa ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə layihəsi hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası bu gün də özünün yüksək potensialı və mükəmməl hüquqi bazası ilə xalqımızın azad və firavan yaşamasına xidmət edir. Məlumdur ki, 1918–1920-ci illərdə, cəmi 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu məsələlərində bir çox önəmli nailiyyətlərə imza atsa da, dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası artıq sovetlər dönəmində – 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqlənib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. Həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev yeni Konstitusiyanın mətninə milli-ideoloji mənsubiyyətimizi vurğulayan həyati əhəmiyyətli məqamların əlavə edilməsinə nail olmuşdu. Sosialist-beynəlmiləlçiliyi ideologiyasına, ən əsası da Kremlin siyasətinə zidd olan belə bir addımın atılması həmin vaxt böyük risk idi. Lakin belə risklər xalqını və ölkəsini canından artıq sevən Ulu Öndərimizi heç zaman düzgün bildiyi qərarları verməkdən, zəruri hesab etdiyi addımları atmaqdan çəkindirə bilməzdi.

Azərbaycançılıq dünyagörüşü ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapıb. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış edib. Milli-ideoloji siyasətin tərkib hissəsi olaraq 1978-ci ildə Ümummilli Liderimizin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub”.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.