Huquqaz.com

Bakı Enerji Həftəsi

06.06.2024
2.156
Bakı Enerji Həftəsi

Bakı Enerji Həftəsi.

Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi ilə yanaşı, bu sahədə əməkdaşlığın gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünyanın aparıcı şirkətlərinin, müxtəlif dövlət və hökumət rəsmilərinin enerji məsələləri ilə bağlı müzakirəsinə imkan yaradan bu platforma yüksək statusa malikdir. Bakı Enerji Həftəsi həm də Azərbaycanı dünyaya qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanıdır. Bakı Enerji Həftəsi regionun enerji sahəsində mühüm hadisəsi hesab edilir. “CaspianOil&Gas” və “CaspianPower” sərgiləri kimi 3 vacib tədbiri birləşdirən Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın enerji sənayesinin liderlərini bir araya toplaması, xüsusilə də açılış mərasimində Prezident cənab İlham Əliyevin iştirakı Bakı Enerji Həftəsinin əhəmiyyətliliyini təsdiq edir, bu işgüzar tədbir nəticə etibarilə enerji sahəsində dövlət-özəl əməkdaşlığını gücləndirəcək, yeni ideyaların müzakirəsinə imkan yaradacaq. Həmçinin enerji sahəsində real və perspektivə hesablanan növbəti addımların atılması da mümkün olacaq. Bakıda keçirilən tədbir həm də şirkətlər tərəfindən yeni innovasiyaların təqdim edilməsi və bu sahədə Dördüncü Sənaye İnqilabının nəticələrinin müzakirəsi istiqamətində mühüm töhfə olacaq.

Bu platforma Azərbaycanın enerji sahəsindəki potensialını nümayiş etdirməsinə də şərait yaradır. Dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin və təşkilatların cəlb edildiyi Bakı Enerji Həftəsi həm də ölkəmizin enerji sahəsindəki üstünlüyünün bir növ təqdimatıdır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar, onların qarşısının alınması yolları, eləcə də “yaşıl enerji” kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə ediləcək. Beləliklə, bu regional və qlobal tədbirdən ölkəmiz, eləcə də iştirakçılar faydalana biləcəklər

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsinin artıq beynəlxalq modelə çevrilməsi enerji təhlükəsizliyi ilə bağlı dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə də stimul verir, yeni əlaqələrin yaranmasını şərtləndirir. Bu toplantı dünyanın enerji xəritəsinin daha da təkmilləşməsi üçün seçilən ən səmərəli platforma olduğunu artıq təsdiq edib. Dünyanın tanınmış enerji şirkətlərinin, karbohidrogen ehtiyatları ilə zəngin ölkələrin rəsmi nümayəndələrinn iştirak etdikləri Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin daha etibarlı təminatı və qorunması üçün irəli sürülən təkliflərin müzakirə olunduğu, dünyanın enerji sənayesi sahəsində iştirak edən dövlətlərin təmsilçilərini bir araya gətirən mötəbər qlobal dialoq mərkəzi, beynəlxalq enerji ailəsinin ortaq tribunasıdır.

Otuz il öncə Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlər enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilmiş, maraqlı, aktual silsilə mövzuları və yenilikləri ilə dünyanın enerji xəritəsini zənginləşdirmişdir. İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi cəsarətli və nümunə göstəriləcək təşəbbüs kimi Bakı Enerji Həftəsinin gündəliyinin maraqlı amillərindəndir.

Bəllidir ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salmaqla dəyərləndirilir. Dənizin suyunun azalmasının, sahildən uzuqlaşmasının səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Prezident cənab İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında bir daha vurğuladı ki, “Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil”. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi.

Otuz bir il əvvəl ölkəmizdə yaşananları xatırlamaq çox ağırdır. Amma nə qədər ağır olsa da, tarixdən ibrət dərsi almağımız və gələcək nəsillərin eyni vəziyyətlə üzləşməməsi üçün həqiqətləri unutmamalıyıq. Unutmamalıyıq ki, 1992-ci ildə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hakimiyyətdə olanlar xalqımıza məğlubiyyətin acısını yaşadıblar. O zaman şəhər və kəndlərimizin ard-arda işğal altına düşməsi, ölkəmizdə hökm sürən hərc-mərclik və xaos dövlətçiliyimizlə yanaşı, milli kimliyimizin ləyaqətli varlığını da sual altına qoymuşdu. Dövlət idarəçiliyində başıpozuqluq, mənəm-mənəmlik və hakimiyyət səriştəsizliyi o həddə çatmışdı ki, vətəndaş hüquq normaları ilə deyil, qanunsuz silahlı dəstələrin zoru ilə hesablaşmağa məhkum idi. İctimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilən silahlı dəstələrin fəaliyyətinə dövlət nəzarəti o dərəcədə itirilmişdi ki, real hakimiyyətin kimin əlində olduğu artıq ciddi suallar doğururdu. AXC-Müsavat cütlüyünün təmsil olunduğu hakim zümrənin səriştəsizliyi və qəbul etdiyi məsuliyyətsiz qərarlar cəmiyyətimizdə elə çaşqınlıq yaratmışdı ki, vətəndaş ən böyük təhlükənin erməni işğalçılarından, yoxsa hakimiyyətin özündən gəldiyini ayırd edə bilmirdi. İnsanlar təkcə dövlət institutlarına deyil, öz sabahına və təhlükəsiz yaşamaq haqqına inamını büsbütün itirmişdi. İctimai-siyasi vəziyyətlə yanaşı, iqtisadi proseslər də peşəkar səviyyədə idarə olunmadığına görə, ölkədə ağır sosial böhran yaşanırdı. AXC-Müsavat hakimiyyəti ilə vətəndaş arasında yaranmış uçurumu daha da dərinləşdirən amillərdən biri hakimiyyətin öz daxilində yaşananlarla bağlı idi. Hakimiyyətin içərisindəki qruplaşmalar ozamankı dövlət başçısının qərarlarına təsir imkanları uğrunda az qala bir-birinə qənim kəsilmişdi. O vaxt hakimiyyətdə olanlardan bəzilərinin indi etdikləri etirafa görə, müdafiə naziri öz Prezidentini açıq şəkildə təhdid edir, rezidensiyanın üzərinə hərbi vertolyot və təyyarə qaldıracağı ilə hədələyirdi. Azərbaycan faktiki olaraq qardaş qırğınına sürüklənirdi.

Əgər Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan xilas etməsəydi, dövlət müstəqilliyimizi isə real təhdidlərdən qorumağa nail olmasaydı, indi yaşadığımız və qürur duyduğumuz Zəfər tarixinin həsrətini hələ çox onilliklər ərzində çəkməli olacaqdıq, buna qədər tariximizdə dəfələrlə olduğu kimi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda həyata keçirdiyi xilaskarlıq missiyası və şəxsi fədakarlıq nümunəsi ilə müasir Azərbaycanın, sözün əsl mənasında, müstəqil Azərbaycanın bünövrəsini qoydu. Ona görə də xalqımız Ulu Öndərin hakimiyyətə qayıdışını -15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu, həm də qədirbilən xalqımızın Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və onun əvəzsiz xidmətlərinə dərin ehtiramının ifadəsidir. Zəfərə gətirib çıxaran yolun təməli 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

1993-cü il dönüş nöqtəsi oldu.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazılıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər salmaqla Ulu Öndərin böyüklüyünü və dahiliyini əyani surətdə görə bilərik.

Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Göründüyü kimi, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün xalqımız əmindir ki, müstəqil və bütöv Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

Şərhlər

Şərh yazılmayıb.