Huquqaz.com

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

21.02.2024
2.191
Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

 İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən Türkiyənin Azərbaycanın yanında olduğunu, onun haqq mübarizəsini dəstəklədiyini bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin iştirak etmədiyi beynəlxalq səviyyəli platformalarda qardaş ölkənin mənafeyini müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin dostluq, qardaşlıq səmimiyyəti bütün məsələlərdə özünü aydın şəkildə büruzə verir.

Vətən müharibəsində ölkəmizə arxa, dayaq olan Türkiyənin varlığı ilə Azərbaycanın milli məsələsi olan Qarabağ münaqişəsinin həllinə üçüncü bir dövlət qarışa bilmədi. Çünki uca tribunalardan bütün imkanları ilə Azərbaycanın ərazilərinin bütövlüyü uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirən Rəcəb Tayyib Ərdoğan dünyaya bu gün də, sabah da can Azərbaycanın yanında olacağı mesajını vermişdir. Azərbaycanın “aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimizdir”, – deyən Türkiyə Prezidenti müharibə dövründə olduğu kimi, müharibədən sonra da soyu bir, kökü bir olan Azərbaycanı tək buraxmadı. Həmçinin Cənab Rəcəb Tayyib Ərdoğan  BMT Baş Assambleyasında çıxışı zamanı bütün dünyaya Türkiyənin Azərbaycanı dəstəklədiyini, Ermənistanın dərhal Zəngəzur dəhlizinin açılması və digər məsələlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bəyan etdi. Eyni zamanda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da çıxşları zamanı Qarabağın qədim türk yurdu və Azərbaycan torpağı olduğunu, ölkəmizin haqlı mübarizəsini dəstəklədiklərini vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışlarının birində Ermənistan-Azərbaycan sərhədində ermənilərin törətdiyi təxribata münasibət bildirərək Türkiyənin Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmaqda xüsusi səy göstərdiyini vurğulamışdır: “Amma Azərbaycan olmadan Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət gedə bilməz. Bütün dünya da bilsin ki, Türkiyə Azərbaycanın yanındadır və heç kim Azərbaycanın tək olduğunu düşünməsin”. Gələrkən işğalçı, gedərkən dağıdıcı olan erməni vandallarının Azərbaycanın yer üzündən sildiyi şəhər və kəndlərinin yenidən qurulmasında, işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında Türkiyənin mənəvi dəstəyi, türk şirkətlərinin qardaşlıq köməyi bütün dünyanı heyrətə gətirdi. Ən yüksək səviyyədə siyasi-iqtisadi əməkdaşlıq əlaqələri quran, ölkələr arasında ticarət dövriyyələrini ildən-ilə artıran, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən yaradılmasında əhəmiyyətli rolu olan nəqliyyat-kommunikasiya layihələrini uğurla həyata keçirən iki qardaş ölkənin birgə səyləri bu gün bütün məsələlərdə birliyin, həmrəyliyin təcəssümünə çevrilib. Hərbi sahədə işbirliyini, əməkdaşlığını dərinləşdirən, bu sahədə mühüm layihələr reallaşdıran, o cümlədən strateji əhəmiyyətli müştərək hərbi təlimlər keçirən Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir. Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşı olan Türkiyə gücləndikcə Azərbaycan da güclənir, qüdrətlənir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

 

Qardaşlıq əlaqələrinin təzahürü

Cənab Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Prezident seçkilərindən sonra ilk rəsmi səfərinin qardaş Türkiyəyə etməsi Qardaşlıq əlaqələrinin təzahürü, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiq olduqlarının bariz nümunəsidir. Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Bu gün Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Bundan başqa Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Ölkə başçısının səfəri zamanı Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bu gün ölkə başçısı cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza sahib olmasının eyni zamanda digər qardaş ölkələr kimi Türkiyə dövləti ilədə mehriban əlaqələrin yaranmasına gətirib çıxarmışdır.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Əvəz Soltanov

 

 

 

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandi. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də yeni bir səhifə açdı. Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi Qafqazda davamlı sülh və inkişafı təmin edəcək fərqli bir reallıq başlanır. Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni səlnaməsidir. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var.Ortaq kök,dil,din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər arasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birlərinə dəstək olduqlarını nümayiş etdirmişlər.Türkiyə öz dəstəyini heç bir zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Türkiyə nəinki Azərbaycanin ,eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətlərindən biridir. Hər zaman Qafqazin siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxilə ilə seçilmişdir. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Bəyannamədə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.  Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri həmişə mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər. Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.