Huquqaz.com

Azərbaycanın SPECA-ya sədrliyi

29.11.2023
2.414
Azərbaycanın SPECA-ya sədrliyi

Azərbaycanın SPECA-ya sədrliyi

Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi keçirilir. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak etdilər. Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə münasibətlərinə, bu ölkələrlə əməkdaşlığına və onların iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salsaq, görərik ki, bu platforma inkişaf və regionda iqtisadiyyatın güclənməsi baxımından necə də əhəmiyyətlidir.
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.
Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil isə dövlətimizin başçısının regiona səfərləri ilə bağlıdır. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir.Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın daha bir istiqaməti isə qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Çünki Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir. Burada Orta Dəhlizin rolu xüsusi vurğulanmalıdır. Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda böyük üstünlüklər vəd edir. Belə ki, bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 günə çatdırır. Müqayisə üçün qeyd edək ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyədən keçməklə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməli olur. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli olduğunu təsdiqləyir. Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” sisteminin tətbiqi isə bu marşrutla yükdaşımaların həcminin ildən-ilə artmasına səbəb olur. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azər-baycanın coğrafi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycan özü də bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi gələn il 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Eyni zamanda, Bakı Dəniz Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tonadək artırılır.Xəzərdə 50-dən çox gəmidən ibarət ən iri ticarət donanmasına malik olan Azərbaycan Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi istiqamətində fəal çalışır. Belə ki, zavodda istehsal olunacaq tanker və quru yükdaşıyan gəmilərin sayı hazırda ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.Həmçinin Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bir sıra digər sahələrdə yeni sərmayə layihələrinin icrasına başlanılıb. Eyni zamanda, Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.Təbii ki, Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından qurtararaq ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib, irəli sürdüyü təşəbbüslərlə bir çox ölkənin, eləcə də daha böyük mənada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.Ölkəmizin, eyni zamanda, etibarlı tərəfdaş, dost ölkələrlə əməkdaşlığa açıq olması da burada mühüm rola malikdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu vurğulayan Prezident İlham Əliyev bu barədə deyib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”.Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrinə ayrı-ayrılıqda nəzər saldıqda görürük ki, burada da artım dinamikası müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqustun sonunda onu başa çatdırıb. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar.
Ümumiyyətlə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Qeyd etdiyimiz kimi, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə Türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Təsadüfi deyil ki, son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Onlardan birincisi 2020-ci ilin aprelin videokonfrans vasitəsilə olub və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr edilib. Digəri isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra – bu ilin martında “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda olub. Bu Zirvə görüşlərində həm koronavirusla mübarizə sahəsində, həm də zəlzələdən sonra Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Son illər Türk dövlətləri arasında əlaqələrin intensivləşməsi fonunda Təşkilata daxil olan ölkələrdə baş verən hadisələrə münasibətdə üzv dövlətlərin başçılarının bir araya gələrək məqsədə doğru birlikdə addım atmaları bu ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu məsələlərdə Prezident İlham Əliyevin liderlik funksiyasını öz üzərinə götürməsi, bunun üzv ölkələrin rəhbərləri tərəfindən yekdilliklə qəbul edilməsi və alqışlanması dövlətimizin başçısının şəxsi nüfuzunun və ona göstərilən dərin hörmətin təzahürüdür.Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır.Qeyd olunanlar bir daha göstərir ki, bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.

Gülnarə Əhədova
Saatlı rayonu Sarıcalar kənd A.Ağayev adına ümumi orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.