Huquqaz.com

Milli həmrəylik

11.11.2023
2.150
Milli həmrəylik

Milli həmrəylik.

Vətən müharibəsi Azərbaycan tarixinin milli qürur salnaməsidir. Ordumuzun 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən inamlı və qətiyyətli Zəfər yürüşü ərazi bütövlüyümüzün, eləcə də tarixi ədalət və beynəlxalq hüququn bərpası ilə nəticələndi. Noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanat hərbi-siyasi qələbəmizin təsdiqi oldu. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına öz hərbi-siyasi gücü ilə təkbaşına son qoydu.

Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır. Bu ali hisslərə malik Azərbaycan xalqı işğal altında torpaqların geri alınması zamanı ordunun yanında oldu. Xatırladaq ki, 44 günlük Vətən savaşı zamanı Ermənistanın davam edən təcavüzkar əməllərinə qarşı Azərbaycan xalqı  həmrəylik nümayiş etdirdi.

Özünü ən müxtəlif formalarda göstərən ümumxalq həmrəyliyi milli ordumuzun güc mənbəyidir. İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatı zamanı da xalqımız ordu ilə və Ali Baş Komandanla birlikdə olduğunu bir daha göstərdi. Xalqımızın orduya göstərdiyi həmrəyliyin sarsılmaz əsasları var. Ordumuzun böyük rəşadət göstərməsi, bir addım da geri çəkilməməsi, bütün mövqeləri şərəflə qoruya bilməsi, düşməni böyük itkilərə məruz qoyması, səngərlərdə sıravi əsgərlərlə general və zabitlərin yanaşı həlak olması cəmiyyətimizin orduya inam və rəğbətini bir az da artırır və bu da insanların fəal dəstəyini birbaşa müəyyən edən faktorlardır. Vətənpərvər gənclərin orduya könüllü dəstək nümayişləri əyani sübut edir ki, ordumuzla cəmiyyətin birliyi möhkəmdir.

Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi – bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdi. Bu günlərdə ermənilərin təxribatı zamanı da Azərbaycan cəmiyyəti ordunun yanında oldu, ona dəstək oldu. Bu həmrəyliyi ən kiçik elementdə belə görmək olardı, məsələn, cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanların dəstəyindən, onların əsgərlərimizə münasibətindən, yəni hər kəs gücü çatan köməkliyi etməyə çalışırdı.

Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil. İndi Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır, hər kəsə, bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq və ərazi bütövlüyümüzü öz gücümüzə bərpa etmişik və bundan sonra da ancaq və ancaq irəliyə doğru gedəcəyik.

Şəhla Xəlilova – Zərdab şəhər 1 saylı körpələr evi -uşaq bağçasının müdiri

 

 

 Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır.

Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur.

Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir.

Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər.

Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.

Nurlu Mikayılova-Zərdab rayon Məlikli kənd körpələr evi -uşaq bağçasının müdiri

 

 

 Sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Cəmi 24 saat sürən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi.

Azərbaycan dövləti geosiyasi vəziyyəti düzgün qiymətləndirərək növbəti dəfə zərgər dəqiqliyi ilə düşünülmüş və nəticələri Ermənistan üçün çox sarsıdıcı olan addım atdı. Azərbaycan lideri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bir daha bütün dünyaya dövlətimizin qüdrətini və suverenliyinə qarşı təhdidlərlə barışmaz mövqeyini nümayiş etdirdi.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi -uşaq bağçasının müdiri

 

 

Peşəkar Azərbaycan ordusu.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ilk olaraq əsas diqqəti ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi. Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin ən mühüm, ən  əsas şərtlərindən və amilərindən  biri oldu.

Günü-gündən inkişaf edən ordumuz sayəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı. Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb.

Azərbaycanda ordu quruculuğu ilə paralel olaraq hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyası özünü ən yüksək səviyyədə göstərdi və Qarabağ işğaldan azad olundu. Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük zəfəri olaraq tarixə həkk olundu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi -uşaq bağçasının müdiri

 

 

Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı.

Bu tarixi qələbə nəticəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”, – deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. “Qarabağ Azərbaycandır!” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.

15 oktyabr 2023-cü il tarixi bir gündür. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş Cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xalqı öz arzusuna tam şəkildə nail oldu.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi -uşaq bağçasının müdiri  

Şərhlər

Şərh yazılmayıb.