Huquqaz.com

Tarix

07.11.2023
1.719
Tarix

Tarix

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olub.

Azərbaycanın Müvəqqəti  hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər.

Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpəlr evi-uşaq bağçasının müdiri

 

 

İdeoloji təməl

Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü

 Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən  müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir.  Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi.
Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən Dövlət bayrağı haqqında Ulu Öndər Heydər Əliyev danışarkən qeyd etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.

Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.

1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib. Sonralar Ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Dövlət bayrağının istifadəsi

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 1920-ci ilin  aprelinədək dövlət statusuna malik olmuşdur. Həmin Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq  təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında» qanun qəbul edərək onu  Dövlət Bayrağı elan etmişdir.
2004-cü il iyunun 8-də «Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Sözügedən Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.

Bu gün Dövlət Bayrağı respublikanın dövlət qurumları və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mühüm beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı, iri miqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli bayrağımız təcəssüm etdirilir. Azərbaycan   Respublikası Prezidentinin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında» 2007-ci il  17 noyabr tarixli sərəncamı  Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini  müəyyən etmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabrın 9-da Azərbaycan   Respublikasının Dövlət Bayrağı Günü qeyd edilir. Bu bayram  qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.